Xankəndi, Ağdərə və Xocalıda 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib
Xankəndi, 13 may, AZƏRTAC
Son 2 il ərzində Xankəndi, Ağdərə və Xocalı üzrə ümumilikdə 644 obyekt sahibkarlıq fəaliyyəti üçün icarəyə verilib. Bu dövrdə investorlar tərəfindən 100 milyon manatdan çox investisiya qoyulub. Fəaliyyətə başlamış obyektlər üzrə təxminən 4 minə yaxın şəxs işlə təmin olunub. Mövcud müqavilələr üzrə digər obyektlər istifadəyə verildikdən sonra iş yerlərinin sayının 6 minə çatdırılması gözlənilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu sözləri “Caspian Energy Club” tərəfindən təşkil olunan Milli Biznesin İnkişafı Forumunda çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.
E.Yusubov qeyd edib ki, bölgədə həyata keçirilən layihələrin əsas məqsədi yalnız infrastrukturun bərpası deyil, eyni zamanda, dayanıqlı iqtisadi inkişafın təmin olunması, yeni iş yerlərinin yaradılması və özəl investisiyaların təşviqidir. Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi bu prosesin əsas istiqamətlərindəndir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında özəl sektor üçün tətbiq edilən geniş güzəşt mexanizmləri əlverişli biznes mühiti formalaşdırıb. Regionda fəaliyyət göstərən rezidentlər üçün mənfəət, gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər tətbiq olunur. Eyni zamanda istehsal və xidmət fəaliyyəti üçün idxal edilən avadanlıq və xammala görə ƏDV və gömrük rüsumlarından azad olmalar nəzərdə tutulur. Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə sosial sığorta, əmək münasibətləri və kommunal xidmətlər sahəsində də əlavə güzəştlər tətbiq olunur. Bu dəstək mexanizmləri iqtisadi fəallığın artırılmasına və yeni sahələrin inkişafına töhfə verir. Azərbaycan Biznesin İnkişafı Fondu tərəfindən regionda fəaliyyət göstərən sahibkarlara dövlət zəmanətli kreditlər və kredit faizlərinin subsidiyalaşdırılması mexanizmləri tətbiq olunur. Bu tədbirlər xüsusilə istehsal, kənd təsərrüfatı, turizm və xidmət sektorlarında maliyyə resurslarına çıxış imkanlarını genişləndirir.
Müxbir – Tahir Ağaməmmədov