Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üzrə müraciətlərin statistikası açıqlanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı oktyabr ayı üzrə müraciətlərin statistikası açıqlanıb.
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən AZƏRTAC-a bildirilib ki, oktyabr ayı üzrə 338 ərizəçidən 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 95, Rusiyadan 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniyadan 8, digər ölkələrdən isə 40 müraciət olunub.
İqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər ərizəçi qeydə alınıb. Sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib.