Xaricdə təmsil olunan azərbaycanlı gənc iş adamlarının fəallığı çox əhəmiyyətlidir
Ankara, 4 fevral, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev hər zaman gənclərin yüksək təhsil almasına və irəli çəkilməsinə milli inkişaf məsələsi kimi yanaşıb. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi azərbaycanlı gəncləri daha da ruhlandırır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyədə yaşayan soydaşımız, Azərbaycanlı İş Adamları Birliyi (TAİB) İdarə Heyətinin üzvü Rövşən Şahbazov deyib.
Türkiyədə digər sahələrdə ölkəmizi təmsil edən şəxslər kimi, iş adamlarının, xüsusilə də bu sahədəki gənclərin Azərbaycana aid məsələlərdə fəal olmasının vacibliyini qeyd edən Rövşən Şahbazov bildirib ki, gənclər hər bir cəmiyyətin bütün parametrlər üzrə inkişafında aparıcı qüvvədir. Bu qüvvədən layiqincə bəhrələnə bilən cəmiyyətlər həmişə dinamik inkişafa nail olublar. Respublikamızda da gənclərə verilən qiymət, onlara göstərilən diqqət və qayğı Azərbaycanımızın dünya dövlətləri sırasında öz layiqli yerini tutması üçün həyata keçirilən siyasətə töhfələrini verməkdədir.
“Mən və mənim kimi digər iş adamlarının xarici ölkələrdə fəaliyyət göstərməyimiz, uğur əldə etməyimiz, qazandığımız nailiyyətlərə görə ölkəmizin adını fəxrlə vurğulamağımız Prezident İlham Əliyevin əzmkar, davamlı inkişafa istiqamətlənən fəaliyyətinin nəticəsidir. Bu gün gənc iş adamı olaraq xarici ölkədə, xüsusilə də dost və qardaş Türkiyədə Azərbaycanımızı təmsil etmək qürurvericidir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan Türkiyə ilə Azərbaycanın münasibətlərinin inkişafına az da olsa töhfə verə bildiyimizə görə həmişə fəxr etmişik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara