Xaricdə yaşayan 1,6 milyondan çox Türkiyə vətəndaşı seçkilərdə səs verib
Bakı, 8 may, AZƏRTAC
Xarici ölkələrdə yaşayan 1,6 milyondan çox Türkiyə vətəndaşı prezident və parlament seçkilərində iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Yüksək Seçim Qurumu (MSK) məlumat yayıb.
ABŞ, Kanada və bir çox Avropa ölkələrində səsvermə başa çatıb. Bülletenlər həmin ölkələrdən Türkiyəyə gətirilib. Ümumilikdə xaricdə yaşayan 1 milyon 666 min 824 türkiyəlinin səsvermə hüququndan istifadə etdiyi bildirilir.
Xaricdəki Türkiyə vətəndaşlarının səs verməsi üçün 73 ölkədə 150-dən çox seçki məntəqəsi qurulub. Aprelin 27-də başlayan səsvermə prosesi mayın 9-dək davam edəcək.
Builki seçkilərdə xarici ölkələrdə yaşayan 3,5 milyon türkiyəli seçici qeydiyyata alınıb. Ən çox seçici Almaniyada - 1,5 milyon nəfər, ən az seçici Braziliyada yaşayır- 581 nəfər. Azərbaycanda səsvermə hüququna malik 11 mindən çox Türkiyə vətəndaşının olduğu bildirilir.
Mayın 14-də isə Türkiyə ərazisində prezident və parlament seçkiləri keçiriləcək. Dövlət başçısı postu uğrunda dörd namizəd - ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan, Məmləkət Partiyasının sədri Muharrem İncə, Millət İttifaqının namizədi və Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparır. Əgər prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Parlament seçkilərində 26 partiya iştirak edəcək. Türkiyə MSK-nın məlumatına görə, seçkilərə ümumilikdə 64 milyon seçici qatıla bilər.