XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, Sloveniyanın 2005-ci ildə ATƏT-ə sədrlik edəcəyini xatırladan diplomat, Azərbaycanın mövqeyinin onun ölkəsi üçün əhəmiyyətli olduğunu vurğulamışdır. Qonaq nazirliyin ATƏT-in Bakı ofisi ilə əlaqələrinin səviyyəsi ilə də maraqlanmışdır.
Nazir Elmar Məmmədyarov ölkəmizin ATƏT-lə əlaqələri, 1992-ci ildə yaradılmış Minsk konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən Minsk qrupu ilə əməkdaşlıq barədə məlumat vermişdir. Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin konkret bir nəticə vermədiyini təəssüflə qeyd edən nazir ümidvar olduğunu bildirmişdir ki, ATƏT-ə sədrlik edəcək Sloveniya bu istiqamətdə öz səylərini əsirgəməyəcəkdir. Münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, ATƏT-in Lissabon sammitinin üç prinsipini xatırladan Elmar Məmmədyarov demişdir ki, Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasətinə bəraət qazandırıla bilməz.
ATƏT-in Bakı ofisi ilə əlaqələrə gəlincə isə, nazir bu sahədə birgə qarşılıqlı fəaliyyətin həyata keçirildiyini söyləmişdir. O, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində avqustun 8-də keçirilməsi nəzərdə tutulan qondarma “yerli özünüidarəetmə orqanlarına seçkilərə” ATƏT-in və beynəlxalq birliyin etiraz edəcəyinə əmin olduğunu vurğulamışdır.
Ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrə önəm verdiyini vurğulayan Yaneç Lenarçiç Sloveniyanın ATƏT-də sədrliyi zamanı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsiplərə əsaslanan ədalətli həlli işində səylərini əsirgəməyəcəyini xüsusilə qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.