XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Nazir E.Məmmədyarov Azərbaycan və İran xalqları arasında dostluq münasibətlərinin və siyasi, iqtisadi və mədəni əlaqələrin qədim tarixə malik olduğunu bildirərək, ölkələrimizin prezidentləri və xarici siyasət idarələri nümayəndələrinin qarşılıqlı səfərlərinin bu münasibətlərin inkişafında mühüm rol oynadığını qeyd etmişdir.
İranın xarici işlər nazirinin salamlarını çatdıran Məhəmməd Nəccar, ölkəsinin Prezidentinin və xarici siyasət idarəsi başçısının may ayında İƏT-in iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcəklərini diqqətə çatdırmışdır. Ölkələrimiz arasında mehriban dostluq münasibətlərinin olduğunu qeyd edən iranlı nazir, müdafiə sahəsində də əməkdaşlığın mövcudluğunu vurğulamışdır. İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, beynəlxalq aləmdə mövqeyini müdafiə etdiyini bildirən qonaq ölkələrimizin iqtisadi və müdafiə qüdrətinin artırılması üçün mövcud imkanlardan səmərəli istifadə olunmasının vacibliyinə toxunmuşdur.
Nazir E.Məmmədyarov İranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü və BMT, İKT və digər beynəlxalq təşkilatlarda ədalətli mövqeyini dəstəklədiyinə görə Azərbaycan hökuməti adından təşəkkürünü bildirmiş, bu mövqeyin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olduğunu qeyd etmişdir. Nazir həmçinin, Xəzər dənizinin statusu ilə bağlı beştərəfli danışıqlarla yanaşı, İran-Azərbaycan danışıqlarının mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Xəzər regionunda sülh və sabitliyin möhkəmlənməsinin Azərbaycanın milli maraqlarına cavab verdiyini diqqətə çatdırmışdır.
İranlı nazir M.Nəccar da Xəzərin statusu məsələsinin yalnız Xəzəryanı ölkələr arasında danışıqlarla həll olunmasını vacib saymışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.