SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Avropa və Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə Regional Bürosunun direktoru Kalman Mijeyi qəbul etmişdir.
Qonağı səmimi salamlayan nazir Vilayət Quliyev BMT ilə Azərbaycan arasında əlaqələrin daha sürətlə inkişaf etməsinə respublikamızın böyük əhəmiyyət verdiyini və BMT-nin İnkişaf Proqramının ölkəmizdə gələcək fəaliyyətinin genişlənməsinə tərəfdar olduğunu vurğulamışdır.
Görüş zamanı Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycan qaçqınlarının ağır vəziyyəti barədə Kalman Mijeyə ətraflı məlumat vermişdir.
Öz növbəsində Kalman Mijey bu səfərin tanışlıq məqsədi daşıdığını qeyd edərək, BMT ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin davam etdirilməsinə və BMT-nin İnkişaf Proqramı çərçivəsində Azərbaycanda birgə layihələrin həyata keçirilməsinə ümid etdiyini bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.