SİYASƏT
XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 17-də Azərbaycan Respublikasının xarici işlər naziri Vilayət Quliyev ölkəmizdə səfərdə olan Yaponiya xarici işlər nazirinin birinci müavini cənab Suqiura Seykeni və bu ölkənin bir sıra nazirliklərinin, işgüzar dairələrinin, elmi-tədqiqat ocaqlarının təmsilçilərindən ibarət nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı Vilayət Quliyev Azərbaycan tərəfinin ikitərəfli münasibətlərə böyük əhəmiyyət verdiyini vurğulayaraq bildirmişdir ki, ölkələrimiz bu əlaqələrin inkişafı üçün bir çox sahələrdə geniş potensiala və böyük imkanlara malikdir.
Vilayət Quliyev iqtisadi sahədə ikitərəfli əməkdaşlığın daha intensiv inkişaf etdirilməsinə tərəfdar olduğunu bildirmişdir.
Nazir Vilayət Quliyev qonaqlara ölkəmizin iqtisadiyyatının dirçəlişi, son illər ərzində uğurla həyata keçirilmiş iqtisadi islahatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun ağır nəticələri barədə ətraflı məlumat vermişdir.
Öz növbəsində Suqiura Seyken Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, onun tezliklə beynəlxalq birliyin səyləri nəticəsində sülh yolu ilə həll ediləcəyinə ümid etdiyini söyləmişdir.
Suqiura Seyken həmçinin öz ölkəsinin tarixi “İpək Yolunun bərpası” proqramının həyata keçirilməsinə böyük maraq göstərdiyini vurğulayaraq, bu çərçivədə Azərbaycanla hərtərəfli əlaqələrin, ilk növbədə iqtisadi əlaqələrin inkişafına səy göstərdiyini bildirmişdir.
Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər, o cümlədən regional və beynəlxalq problemlər də müzakirə edilmişdir.
Görüşdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fucivara Toşiyuki iştirak etmişdir.