XARİCİ İŞLƏR NAZİRLİYİNİN MƏTBUAT MƏRKƏZİ XƏBƏR VERİR
İyulun 26-da xarici işlər naziri Vilayət Quliyev Çili Respublikası Konqresi prezidentinin xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Serjio Bitarın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazir qonaqları səmimi salamlayaraq bu səfərin Azərbaycan ilə Çili arasında əlaqələrin qurulmasına və gələcəkdə dövlətlərimiz arasında əməkdaşlığa təkan verəcəyini bildirmişdir.
Xarici siyasət idarəsinin başçısı Azərbaycanda gedən ictimai-siyasi proseslər, respublikamızın müstəqillik qazandığı vaxtdan bu günə qədər əldə etdiyi nailiyyətlər, Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil edilən neftin və qazın boru kəmərləri ilə ixracı və dünyanın bir sıra nüfuzlu neft şirkətləri ilə bağlanmış sazişlər haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Vilayət Quliyev, münaqişə nəticəsində qaçqın vəziyyətinə düşmüş 1 milyona yaxın vətəndaşımızın ağır vəziyyətindən, BMT-nin qəbul etdiyi dörd qətnamənin icra olunmamasından, bu münaqişənin dinc yolla həlli istiqamətində görülən işlərdən danışmış, problemin beynəlxalq hüququn prinsip və normaları əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini qeyd etmişdir.
Ətraflı məlumata görə təşəkkürünü bildirən Serjio Bitar dövlətlərimiz arasında ikitərəfli faydalı əməkdaşlığın inkişaf etdirilməsini və xüsusən də parlamentlərarası əlaqələrin yaradılmasının zəruri olduğunu bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Serjio Bitar onun tezliklə sülh yolu ilə ədalətli həllinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilmişdir.