XARİCİ MƏTBUAT SƏHİFƏLƏRİNDƏ STRATEJİ CƏBHƏ AZƏRBAYCANIN XEYRİNƏDİR
Parisdə nəşr olunan “Atlas dü mond diplomatik” (“Siyasi dünyanın atlası”) jurnalının yanvar nömrəsində Qafqaz üzrə tanınmış mütəxəssis Jan Radvaninin “Qafqaz: yeni strateji cəbhə” adlı məqaləsi çap edilmişdir. Məqalənin əvvəlində Qafqaz bölgəsindəki ölkələrin ərazi məsələsinə toxunan müəllif adətinə xilaf çıxmayaraq, Dağlıq Qarabağın Stalin dövründə Ermənistandan zorla alınıb Azərbaycana verildiyini yazır. Amma məqalədə verilmiş xəritədə Dağlıq Qarabağ işğal olunmuş ərazi kimi göstərilmişdir. Beləliklə, Jan Radvani heç bir fakta əsaslanmayan əvvəlki fikrini elə özü təkzib edir.
Yenicə müstəqillik əldə etmiş ölkəmizin apardığı neft strategiyasından bəhs edən müəllif yazır: “1993-cü ildən başlayaraq Xəzər dənizi neftinin xaricə nəqli yolları ilə bağlı məsələ Çeçenistanda yaranmış vəziyyətlə əlaqədar Azərbaycanı ciddi düşünməyə vadar edir. Azərbaycan Prezidenti Heydər Əliyev 1994-cü ildən Xəzərdəki yeni neft yataqlarının işlənilməsini Qərbin neft şirkətlərinə təklif edir”.
Jan Radvani respublikamızda neft sənayesinin yüksəlişi və xarici şirkətlərin sərmayə qoyması sayəsində strateji cəbhənin Azərbaycanın xeyrinə həll olunduğunu xüsusi vurğulayır, neftin ixracında ölkəmizin Bakı-Tbilisi-Ceyhan istiqamətinə üstünlük verdiyini bildirir. Məqalənin müəllifi Ermənistan-Azərbaycan münaqişəsindən ötəri bəhs edərək yazır ki, Qərb infrastrukturlarının layihələri, bölgədə təkləndiyindən Rusiyaya sığınan Ermənistana göstərilən təzyiqlər Qarabağ münaqişəsinin nizama salınmasında onu Qərbin təklifləri ilə razılaşmağa vadar edir.
Müəllifin bəzi qeyri-obyektiv fikirlərinə baxmayaraq, məqalə Qafqaz bölgəsində və onun ətrafında baş vermiş hadisələr barədə fransız oxucularında müəyyən təsəvvür yaratması baxımından maraq doğurur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris