Xarici mətbuatda azərbaycanlı alim haqqında silsilə məqalələr dərc olunub
Bakı, 5 sentyabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin 60 illiyi ilə əlaqədar xarici mətbuatda silsilə məqalələr dərc olunub.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Filologiya üzrə fəlsəfə doktoru, mütərcim Məsmə İsmayılovanın “Şair-alim Vüqar Əhməd” məqaləsi və onun poeziyasından tərcümə etdiyi seçmə şeirlər Pakistanda “Qlobal ədəbiyyat” jurnalında ingilis dilində dərc olunub. Türkiyənin nüfuzlu “Kültür evreni” dərgisində də yenə eyni müəllifin “Həyat baharı: Vüqar Əhməd” adlı yubiley məqaləsi (ingilis dilində) qardaş ölkənin oxucularının ixtiyarına verilib. Dərgidə, həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayevanın “Vüqar Əhmədin yaradıcılığında Qarabağ mövzusu” adlı geniş məqaləsi yer alıb.
Beynəlxalq Elm və Sənət Akademiyasının elmi-ədəbi “Xəbərlər” jurnalında isə Vüqar Əhmədin rus dilində “Aktyorun dəfni” və “Duzsatan Həlimə” hekayələri, “Azərbaycan” şeiri oxuculara təqdim olunub.