XARKOVDA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN İCMALARI BİR TƏŞKİLATDA BİRLƏŞMİŞLƏR
Bildirilir ki, Xarkovda yaşayan bir qrup azərbaycanlı vahid mərkəzdə birləşmək təşəbbüsü ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə, respublikamızın Ukraynadakı səfirliyinə və Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədrinə müraciət etmişdir. Səfirliyin, Dövlət Komitəsi əməkdaşlarının və UAK rəhbərliyinin iştirak etdiyi toplantıda təşəbbüs qrupunun üzvü Malik Dursunov müraciətlə bağlı məruzə etmişdir.
Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev bu müraciətin Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının II qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə və Qurultayın tövsiyələrinə uyğun olduğunu vurğulamış və təşəbbüsü alqışlamışdır.
Dövlət Komitəsinin şöbə müdiri Nazim Qaraxanov II qurultayın müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması prosesinə təkan verdiyini diqqətə çatdırmış və Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycan icmalarının təşəbbüsünü bu prosesin təzahürü kimi qiymətləndirmişdir.
UAK-ın sədri Oqtay Əfəndiyev Xarkovda xeyli sayda azərbaycanlı ziyalının, iş adamının yaşadığını nəzərə çarpdırmış və bu birliyin soydaşlarımız arasında həmrəyliyin möhkəmlənməsinə zəmin yaradacağını qeyd etmişdir.
Müzakirələrdən sonra Xarkovda fəaliyyət göstərən Azərbaycan icmalarının UAK-ın yerli təşkilatında birləşməsi barədə qərar qəbul olunmuşdur.
Yaxın günlərdə Dnepropetrovsk vilayətindəki Azərbaycan icmalarının da vahid təşkilatda birləşəcəyi gözlənilir.