Xəlil paşa Kutun xatirələri ana dilimizə tərcümə olunub
Naxçıvan, 17 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev türk yazıçısı Taylan Sorqunun “Xəlil paşa: İttihad və Tərəqqidən Cümhuriyyətə bitməyən savaş (xatirələr)” kitabını Türkiyə türkcəsindən dilimizə tərcümə edib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görmüş kitabın redaktoru və ön sözün müəllifi akademik İsmayıl Hacıyevdir. “Keşməkeşli və şərəfli həyatın mənalı illərinə həsr edilmiş xatirələr” başlıqlı ön sözdə Xəlil paşanın həyatı, hərbi fəaliyyəti şərh olunmaqla bərabər, əsərin ana dilimizə tərcümə olunmasının əhəmiyyəti vurğulanıb.
Xəlil paşa Kut Türkiyənin XX əsr hərb tarixində böyük xidmətləri olan hərbi xadimlərdən olub. O, döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərib, eyni zamanda, türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün silahdaşı kimi Türkiyə Cümhuriyyətinin qurulması üçün var qüvvəsi ilə çalışıb. Xəlil paşa türk dünyasının, həmçinin Azərbaycanın müstəqillik uğrunda mübarizəsində, paytaxt Bakının erməni-bolşevik qəsbkarlarından azad olunmasında, eləcə də Naxçıvanın erməni hücumlarından qorunmasında fəal iştirak edib.
Bacarıqlı sərkərdə öz keşməkeşli həyatı, mübarizə meydanında yaşadığı hadisələr haqqında xatirələrini qeydə alıb, həmin xatirələr paşanın ölümündən 10 il sonra - 1967-ci ildə Türkiyə mətbuatında silsilə məqalələr şəklində dərc olunub. Sonra isə Xəlil paşa Kutun xatirələri yazıçı Taylan Sorqun tərəfindən bir kitabda toplanaraq nəşr edilib. Kitabda Xəlil paşanın ötən əsrin 20-ci illərində Azərbaycanda baş vermiş siyasi hadisələrə özünəməxsus baxışı əks olunub, həmin dövrdə türk-rus, türk-erməni, Azərbaycan-rus-erməni münasibətləri təhlil edilib, Naxçıvanla bağlı məsələlər əhatəli şəkildə işıqlandırılıb.
Türk sərkərdəsi Xəlil paşanın xatirələrində qeyd etdiyi mühüm hadisələrin, hadisələrin təhlillərinin vacibliyini nəzərə alan professor Əbülfəz Quliyev bu qiymətli əsəri ixtisarla dilimizə tərcümə edərək nəşrə hazırlayıb. 24 başlıqdan ibarət kitabda “Bakının işğaldan azad edilməsi”, “İrəvan”, “İnqilab və Azərbaycan” və xatirələr həmin dövrdə ölkəmizdə baş verən hadisələrin təhlili baxımından önəm daşıyır. Alim tərcümə edərkən əsərin üslub xüsusiyyətlərini və yazıçının dəst-xətini qoruyub.