Xətai Bağırov: Niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik
Bakı, 4 sentyabr, AZƏRTAC
Son illərdə Slovakiya yığması ilə ardıcıl oyunlar keçirmişik. Növbəti dəfə yenə rəqib olduq. Elə Moldova ilə də son illərdə tez-tez üz-üzə gəlirdik. Düzdür, bu komanda ilə daha çox yoldaşlıq oyunlarında rəqib olmuşuq. Amma son seçmə mərhələdə ilk dəfə rəsmi oyunda qarşılaşdıq. Hər iki rəqibimizi yaxşı tanıyırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri 2022-ci ildə Niderlandda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatmasını dəyərləndirən Azərbaycan millisinin millinin hücumçusu Xətai Bağırov deyib.
Futzalçı bildirib ki, Slovakiya ilə oyunlarımız çətin keçir. Qələbə qazansaq da, bu asan başa gəlmir. Qrupda ən çətin rəqibimiz Slovakiya olacaq. Moldovanı da Bakıdakı rəsmi oyunda çətinliklə məğlub etdik. Həmin vaxt oyunumuz da istədiyimiz kimi alınmadı, hamımız zəif oynadıq. Amma müqayisə etsək, yenə deyirəm, Slovakiya digərlərindən güclüdür. Bizə birinci yer uğrunda mübarizədə əsas çətinlik yaradacaq komanda onlar olacaq. Bunu deməklə digər rəqiblərimizə hörmətsizlik etmək istəmirəm. Əlbəttə, Moldova yığması da oyun zamanı istənilən səhvdən, boşluqdan istifadə edəcək gücdədir. Üçüncü rəqibimizin kimliyi pley-off oyunlarından sonra bilinəcək. Məncə, Yunanıstan millisi daha şanslı hesab olunur.
“Komandanın qarşısına hər zamankı kimi, yenə konkret tapşırıq qoyulacaq. Növbəti dəfə Avropa çempionatının final mərhələsində iştirak etməliyik. Ona görə də yaxşı hazırlaşmalı, heç bir rəqibə saymazyana yanaşmamalı, reytinqdəki üstünlüyümüzü meydanda da ortaya qoymalı və niyə favorit hesab olunduğumuzu oyunumuzla göstərməliyik”, - deyə X.Bağırov əlavə edib.
Qeyd edək ki, sentyabrın 2-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan püşkatmaya görə, yığmamız üçüncü qrupda Slovakiya, Moldova və Türkiyə-Yunanıstan cütünün qalibi ilə mübarizə aparacaq. Komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupa bölünüb. Yekunda 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 komanda həlledici mərhələyə birbaşa vəsiqə qazanacaq. Ən zəif göstəriciyə malik iki ikinci yerin sahibi isə pley-off görüşündə üz-üzə gələcək. Final mərhələsi 2022-ci il yanvarın 9-dan fevralın 6-dək Niderlandda keçiriləcək.