Xətai rayonunda İkinci Kəlağayı Festivalı keçirilib
Bakı, 21 sentyabr, AZƏRTAC
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Xətai rayonunda rayon icra hakimiyyətinin, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı Ev Muzeyi”nin təşkilatçılığı ilə Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində “II Kəlağayı Festivalı” keçirilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sərgi ilə tanışlıq, rəsmi açılış mərasimi və rəngarəng konsert proqramı təqdim olunub.
Tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, müxtəlif dövlət qurumlarının nümayəndələri, incəsənət və ədəbiyyat xadimləri, aşıqlar, şairlər, media təmsilçiləri və çoxsaylı sakinlər iştirak ediblər.
“Mirvarid Dilbazi Poeziya Məclisi”nin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı tədbiri açaraq festivalın əhəmiyyətindən danışıb.
Xətai Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Etibar Əhmədov və şöbə müdiri Pənah İmanov, Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyyə Həmzəyeva, əmək qəhrəmanı, Prezident təqaüdçüsü Tərlan Musayeva, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva çıxış edərək kəlağayının milli kimliyimizdəki rolunu və belə tədbirlərin vacibliyini vurğulayıblar.
Festival çərçivəsində zəngin sərgi proqramı da təşkil olunub. Güllü Eldar Tomarlının təqdimatında sərgidə “Kəlağayı Ev Muzeyi”nin qədim eksponatları, dekorativ-tətbiqi sənət nümunələri, kəlağayı mövzusunda nəşrlər nümayiş etdirilib. Həmçinin Sosial Xidmətlər Agentliyinin Peşə-əmək Reabilitasiyası Mərkəzində təhsil alan gənclərin əl işləri, quramaçı sənətkarların hazırladığı nümunələr, Şəki və Basqal kəlağayıları ziyarətçilərə təqdim edilib.
Tədbir bədi proqramla davam edib.
Qeyd edək ki, kəlağayı 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu tarixi hadisənin 10 illiyi münasibətilə 2024-cü ildə keçirilən I Kəlağayı Festivalı uğurla başlanaraq ənənəvi tədbirə çevrilib. İkinci Kəlağayı Festivalı da milli-mənəvi dəyərlərimizin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.