Xeyirxah əməllərin əbədiyyət ünvanı
Bakı, 26 aprel, AZƏRTAC
Suraxanı rayonunun səhiyyə, təhsil və sənaye müəssisələrində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Rayondakı 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında keçirilən tədbir də onlardan biri olub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan xəstəxananın baş həkimi Azər Məmmədov görkəmli alim Zərifə Əliyevanın XX əsrin ikinci yarısında tibb elminə verdiyi böyük töhfələri xatırladıb. Baş həkim onun həmkarları və yetirmələri üçün həkim fədakarlığı və yüksək vətəndaşlıq mövqeyi, xəstələr üçün səmimiyyəti və xeyirxahlıq nümunəsi göstərdiyi söyləyib.
Xəstəxananın həkimləri Sülhiyyə Səmədova və Fizzə Qənbərli akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə ətraflı məlumat veriblər.
Rayon icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev onun oftalmologiya sahəsində uzun illər dəyərli tədqiqatlar, müəllifi olduğu dərs vəsaitləri və elmi monoqrafiyaları barədə bəhs edib. Qeyd olunub ki, görkəmli oftalmoloqun işıqlı siması yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır.