XƏZƏR DƏNİZİNİN BALIQ EHTİYATLARININ MÜHAFİZƏSİNƏ DAİR TASİS LAYİHƏSİNƏ 900 MİN AVRO AYRILMIŞDIR
Avropa Birliyinin (AB) Azərbaycana texniki yardım proqramlarının Əlaqələndirmə Bürosunda layihənin məqsədi və onun həyata keçirilməsi müddəti barədə AZƏRTAC-ın müxbirinin sualına cavab olaraq bildirmişlər ki, iki il üçün nəzərdə tutulmuş bu layihədən məqsəd Xəzər dənizində nərə balıqlarının və digər balıq növlərinin çoxaldılması planını regional səviyyədə əlaqələndirilmiş və elmi cəhətdən əsaslandırılmış şəkildə işləyib hazırlamaqdır.
Bununla yanaşı, regional işlər çərçivəsində Xəzər dənizinin balıq ehtiyatlarının idarə olunması üzrə milli potensialın möhkəmləndirilməsinə dair bir sıra tədbirlər həyata keçirmək, habelə ehtiyatların qiymətləndirilməsi metodikasını standartlaşdırmaq və təkmilləşdirmək, balıq ovlanmasının yol verilən səviyyəsinin müəyyənləşdirilməsi metodikasını dəqidləşdirmək məqsədi ilə onların çoxaldılması dinamikasının modelləşdirilməsi imkanlarını artırmaq nəzərdə tutulur.
Layihəni Azərbaycan tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Layihəyə Qazaxıstan, Rusiya və Türkmənistanın ekologiya nazirlikləri də cəlb edilmişdir.
Avropa Komissiyası layihəni gerçəkləşdirəcək kontraktorların müəyyən edilməsi üçün müsabiqə keçirəcəkdir. İlkin məlumatlara görə, layihənin həyata keçirilməsinə 2004-cü ilin birinci rübündə başlamaq olar.