“Xəzər” komandasının üzvü: Qalib gəldiyimizə görə çox sevinirik
Bakı, 8 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi olan şəxslər arasında "Fibonacci" intellektual oyunu iştirakçılar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Yarışın qalibi olan “Xəzər” komandasının üzvü Roman Zeynalov “Vətən müharibəsinin iştirakçısı” və “Suqovuşanın azadlığı uğrunda” medallarına layiq görülüb.
O, intellektual yarışdan dərhal sonra yarış haqqında öz təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: “Bizim komandamız Vətən müharibəsinin iştirakçılarından tərtib olunub. Çox sevinirik ki, qalib ordunun əsgərləri kimi intellektual yarışda da qalib olduq. Rəqiblərimiz kifayət qədər yaxşı oyun nümayiş etdirdilər və son turlara qədər başabaş mübarizə apardılar. Yalnız son turda bizim komandanın üzvləri daha dəqiq cavablar verərək fəxri kürsünün ən yüksək pilləsinə qalxdıq. Komanda yoldaşlarım Murad Əfəndiyev, Orxan Məmmədov, Ceyhun Ağayev, Anar Şahməmmədli və Kamal Şatanov çox gözəl oyun nümayiş etdirdi. Xüsusilə qeyd etmək istəyirəm ki, yarış ilk turdan sonuncu yeddinci turadək çox gərgin və maraqlı mübarizə şəraitində keçdi. Suallar maraqlı, düşündürücü və məntiqli idi, təbii ki, cavabları düzgün tapmaq da iştirakçılardan məhz belə üstün keyfiyyətlər tələb edirdi. Belə bir yarışın qalibi olduğumuza görə çox sevinirik. Onu təşkil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına və bu işdə zəhməti keçən hər kəsə təşəkkür edir və belə maraqlı yarışların davamlı olmasını arzu edirik”.