Xırdalanda “Təmiz Abşeron naminə” devizi ilə ağacəkmə aksiyası keçirilib
Sumqayıt, 25 noyabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Abşeron rayon Mərkəzi Kitabxanasının təşəbbüsü, Xırdalan şəhər bələdiyyəsi, Abşeron rayon Təmir-Abadlıq İdarəsi və Xırdalan şəhər 2 nömrəli məktəbin birgə dəstəyi ilə Xırdalan şəhər Heydər Əliyev adına parkda Ümumdünya Təbiətin Mühafizəsi Cəmiyyətinin 74 illiyinə həsr olunan “Təmiz Abşeron naminə” devizi ilə ağacəkmə aksiyası keçirilib.
Bu barədə AZƏRTAC-a regional idarədən bildirilib.
Aksiyada Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Xırdalan şəhər bələdiyyəsinin, Abşeron rayon Təmir-Abadlıq İdarəsinin, Mərkəzi Kitabxananın əməkdaşları və Xırdalan şəhər 2 nömrəli məktəbin şagirdləri Heydər Əliyev parkında şam ağacları əkiblər. Daha sonra əllərində günün önəmini özündə əks etdirən xüsusi plakatlar tutan şagirdlər tərəfindən yaxınlıqdakı magistral yolda sürücülərə diqqəti təbiətin mühafizəsinə, yaşıllaşmaya, insan sağlamlığının qorunmasına çəkmək üçün hazırlanan broşürlər paylanılıb və müxtəlif şüarlar səsləndirilib.
Kitabxananın Xidmət şöbəsinin müdiri Xatirə Zeynalova iştirakçıların diqqətini tullantılardan hazırlanan əl işlərindən ibarət sərgiyə yönəldib və onlar tullantıların yenidən necə dəyər qazanmasının şahidi olublar. Sərgidə, həmçinin ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı kitablar da yer alıb.