XIZI RAYONUNDA ABADLIQ VƏ QURUCULUQ İŞLƏRİ GENİŞ VÜSƏT ALIR
AZƏRTAC xəbər verir ki, oktyabrın 25-də Xızı rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş müşavirə keçirilmişdir.
Müşavirə iştirakçıları əvvəlcə Xızı qəsəbəsində Heydər Əliyev adına parka gələrək, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmiş, ümummilli liderin abidəsi önünə gul dəstələri qoymuşlar.
Müşavirədə hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev 9 ayda görülən işlərdən danışmışdır. Qeyd olunmuşdur ki, hesabat dövründə Xızıda yeni mədəniyyət sarayı tikilmiş, ulu öndər Heydər Əliyevin adını daşıyan park salınmışdır. Heydər Əliyev muzeyinin, diyarşünaslıq muzeyinin, şahmat məktəbinin, ikimərtəbəli məişət evinin, xalçaçılıq sexinin, Xızı rayonunun ərazisini özündə əks etdirən abidənin tikintisi başa çatdırılmışdır. Bundan əlavə, Xızı qəsəbəsində qaz istismarı idarəsinin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Dövlət Sosial Müdafiə Fondu rayon şöbələrinin inzibati binalarının, Qarabağ müharibəsi əlliləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının tikintisi başa çatdırılmaqdadır. Qaz təchizatının yaxşılaşdırılması üçün 900 metr uzunluğunda yeni boru xətti çəkilmiş, 5 ədəd yeni qazpaylayıcı qurğu quraşdırılmışdır.
Hesabat dövründə 74 evə telefon xətti çəkilmişdir. Əhalinin içməli suya olan tələbatını ödəmək məqsədilə 1,8 kilometr uzunluğunda su xətti təmir edilərək, sakinlərin istifadəsinə verilmişdir. Altıağac qəsəbəsində 2 kilometr məsafədən içməli su xətti çəkilmişdir. Rayonda turizmin inkişafı məqsədilə də lazımi tədbirlər həyata keçirilir.
Natiq bildirmişdir ki, rayon büdcəsinin mədaxil proqnozu nəzərdə tutulan 362990 manat əvəzinə 467804 manat olmuşdur ki, bu da rayonda iqtisadiyyatın sürətlə inkişaf etdiyini göstərir. Büdcənin məxaric hissəsi üzrə də proqnoza uğurla əməl edilmişdir.
Bildirilmişdir ki, Xızı rayonunun iqtisadiyyatının əsas hissəsini kənd təsərrüfatı təşkil edir. Rayonda taxılçılıq, tərəvəzçilik, bostançılıq aparıcı rol oynayır. Cari ilin məhsulu üçün rayonda 1710,28 hektar sahədə payızlıq səpin aparılmış, 23944 sentner taxıl tədarük olunmuşdur. Hər hektardan məhsuldarlıq 14 sentnerə çatdırılmışdır.
Heyvandarlıq məhsullarının istehsalı keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Doqquz ayda 503,8 ton ət, 3493,3 ton süd, 91293,3 min ədəd yumurta, 138 ton yun istehsal olunmuşdur.
Məruzəçi rayonda digər istehsal və xidmət sahələrinin fəaliyyətini konkret faktlarla təhlil etmiş, qarşıda duran vəzifələri və yol verilmiş nöqsanları diqqətə çatdırmışdır. Bildirilmişdir ki, rayonun bəzi kəndlərində qaz şəbəkəsində nöqsanlar, sayğaclara müdaxilələr vardır, əhalinin içməli su ilə təchizatını yaxşılaşdırmaq üçün təcili tədbirlər görülməlidir. Bələdiyyə orqanlarının fəaliyyətində dönüş yaradılmalıdır.
Müşavirədə Prezidentin İcra Aparatının məsul işçisi İ.Əliyev çıxış edərək, oktyabrın 22-də dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə Prezident sarayında Nazirlər Kabinetinin cari ilin doqquz ayında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasda qarşıya qoyulan vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Respublikamızda aparılan iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmizdə iqtisadi artım yüksək sürətlə davam edir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına yüksək templə inteqrasiya edir. Son dörd ildə Azərbaycanın büdcəsi 10 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 6,3 milyard dollar səviyyəsindədir. Bu gün Azərbaycanda orta aylıq əmək haqqı 230 dollar səviyyəsindədir. Bu MDB məkanında çox böyük göstəricidir.
Respublikamızın sosial-iqtisadi həyatının bütün sahələrində yüksək inkişaf dinamikasının olduğunu vurğulayan İ.Əliyev qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün mövcud ehtiyatlardan səmərəli istifadə olunmasını diqqətə çatdırmışdır.
Müşavirədə çıxışlar olmuş, qarşıda duran vəzifələrdən danışılmış, rayonun inkişafının sürətləndirilməsi üçün təkliflər verilmişdir.