Xocalı faciəsi hər bir azərbaycanlının qan yaddaşıdır
Qax, 26 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsindən otuz üç il ötür. Erməni qəsbkarlarının 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa, dinc əhaliyə qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocalı soyqırımının ildönümü ilə əlaqədar fevralın 26-da Qax Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, gənclər, rayon sakinləri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda canlarından keçən igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Xiyabanı ziyarət edənlər Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayət olduğunu, bu faciənin hər bir azərbaycanlının qan yaddaşına əbədi həkk olunduğunu bildiriblər.
Anım tədbirində mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunub.