Xocalı faciəsi insanlığa, bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir
Qəbələ, 24 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirdikləri amansız qətliam bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Bu faciə iki yüz ilə yaxın müddətdə erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Xocalı faciəsinin otuz üçüncü ildönümü ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda keçirilən “Xocalı soyqırımı – qan yaddaşımız” adlı tədbirdə səsləndirilib.
Tədbirin əvvəlində Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, xalqımızın tarixinə qanla yazılan Xocalı faciəsinin dəhşətli nəticələri, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan xalqı iki yüz il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Qəbələ rayon Ə.Məmmədov adına Çuxur Qəbələ kənd tam orta məktəbin müəllimi Xəyal Məmmədov, Qoruğun əməkdaşı Vadim Quvasaari erməni millətçilərinin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs ediblər. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışılıb.
Çuxur Qəbələ kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənə, Xocalıya, doğma torpağa həsr olunan şeirlər səsləndirilib.
Sonda Xocalı faciəsindən bəhs edən film nümayiş olunub.