XOCALI FACİƏSİNİN 11-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR MİTİNQ KEÇİRİLMİŞDİR
Fevralın 21-də Xocalı soyqırımının 11-ci ildönümü ilə əlaqədar Bakıda mitinq keçirilmişdir. Mitinqi Yeni Azərbaycan Partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov açdı. Natiq mitinqdə YAP-ın, Məşvərət məclisinə daxil olan partiyaların, bir sıra qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin on minlərlə nümayəndəsinin iştirak etdiyini bildirdi.
Əli Əhmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni cəlladlarının, sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının əsgər və zabitlərinin Xocalı şəhərinin dinc əhalisinə qarşı həyata keçirdikləri qanlı soyqırımından danışaraq xatırlatdı ki, bu vəhşilik nəticəsində 613 soydaşımız qətlə yetirilmişdir. Ermənilərin bəşər tarixində görünməmiş bu vəhşiliyinin qurbanlarından 106-sı qadın, 70-i qoca, 63-ü isə uşaq idi. 8 ailənin tamamilə məhv edilməsi ermənilərin amansızlığının, azərbaycanlı qanına susamalarının bariz nümunəsi idi. Faciə nəticəsində mindən çox soydaşımızın müxtəlif dərəcədə əlil olduğunu vurğulayan natiq əsir düşmüş 1275 həmyerlimizdən 700-nün taleyinin hələ də məlum olmadığını bildirdi. O, ermənilərin öz cinayətlərini ört-basdır etmək məqsədi ilə bu adamları əsirlikdə saxlamalarını insanlığa yaraşmayan hal kimi qiymətləndirdi.
Natiq ermənilərin azərbaycanlılara qarşı soyqırımı məqsədli şəkildə həyata keçirdiklərini və bu faciənin onların qatı millətçilik siyasətinin birbaşa nəticəsi, köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yertirilməsini və bəşər tarixində analoqu olmayan qara ləkə, erməni xislətinin əyani təcəssümü olduğunu vurğuladı.
Əli Əhmədov daha sonra dedi: O da etiraf olunmalıdır ki, bu faciənin baş verməsində, belə bir dəhşətli miqyas almasında o zamankı Azərbaycan iqtidarının və onun başında duran Ayaz Mütəllibovun da günahı az olmayıbdır. Hər bir hakimiyyətin, hökumətin ilkin vəzifəsi öz vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.Təəssüflər olsun ki, Xocalı köməksiz qalanda, ona qarşı hücum planının hazırlanması faktları artıq hamıya məlum olanda Ayaz Mütəllibov başda olmaqla Azərbaycanın o zamankı iqtidarı öz vəzifə borcuna bağışlanılmaz biganəçilik göstərərək, əhalini xilas etməkdən ötrü lazımi tədbirləri görmədi. Bununla da, əslində, cinayətə bərabər sayıla biləcək xəyanətə yol verdi.
Eyni zamanda, Xocalı faciəsinin belə bir miqyas almasında o zaman Azərbaycanda aparılan hakimiyyət davası da az rol oynamamışdır. Məhz bu səbəbdən, o zaman hadisələrə təsir etmək imkanına malik olan Xalq Cəbhəsi faciənin qarşısını almaqdan ötrü özlərinin üzərinə düşən və öhdəsindən gələ biləcəkləri vəzifələri yerinə yetirmədilər. Əksinə, bəlkə də, belə demək olar ki, bu faciədən özlərinin siyasi ambisiyalarının həyata keçirilməsi üçün istifadə etməyə çalışdılar və istifadə etdilər. Təsadüfi deyil ki, Xocalı faciəsinin baş verməsindən az sonra Xalq Cəbhəsinin nümayəndələri Azərbaycanda hakimiyyət çevrilişi etdilər.
Natiq beynəlxalq ictimaiyyətin, o cümlədən demokratiyadan gecə-gündüz dəm vuran ölkələrin, dünya siyasətində həlledici mövqeyə malik dövlətlərin xocalılıların harayına, bu dəhşətli faciəyə göz yummalarını heç bir sağlam məntiqə sığmadığını xüsusi vurğuladı. O dedi ki, uşaqlara, qadınlara, qocalara, xəstələrə, hamilə analara qəddarcasına əl qaldıran cəlladları lənətləməmək, hətta onları dəstəkləmək bağışlanılmaz səhvdir. Bu gün şüurlu surətdə ikili standarta, ədaləti qəbul etmək əvəzinə min bir dolayı yola üstünlük verənlər sabah özləri Azərbaycan xalqının başına gələnlərdən yan ötə bilməyəcəklər.
Beynəlxalq terrorizmin tüğyan etdiyi, ermənilərin beynəlxalq terroristlərlə sıx əlaqəsinin sübut olunduğu indiki zamanda ədalətə barmaqarası baxan heç bir xalq azərbaycanlıların məruz qaldıqları bu cür soyqırımlardan sığortalana bilməz.
Milli Məclisin deputatı Elman Məmmədov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən faciəni və bu soyqırımına aparan yolu o zamankı hadisələrin şahidi kimi hərtərəfli xarakterizə etdi. O xüsusi vurğuladı ki, təkcə XX əsrdə ermənilər üç dəfə - 1905, 1918, 1992-ci illərdə Xocalını viran qoyublar. Natiq 4 ay mühasirədə olmuş və az qüvvə ilə ermənilərə qarşı mərdliklə sinə gərmiş xocalılıların harayına səs verməyən o vaxtkı iqtidarın və siyasi ambisiyalarını hər şeydən üstün tutan Xalq Cəbhəsi liderlərinin bu soyqırımın baş verməsində böyük günah sahibləri olduqlarını dedi.
O bildirdi ki, iqtidarda olduğu dövrdə Azərbaycan xalqına qarşı şüurlu surətdə silsilə cinayətlər işləmiş Əbdürrəhman Vəzirov, xocalılılara kömək etmək, ümummilli problemlərə çarə tapmaq, xalqın taleyini düşünmək, onun problemlərinın həllinə çalışmaq əvəzinə, hakimiyyət uğrunda o vaxtkı müxalifət qüvvələri ilə çarpışan Ayaz Mütəllibov soyqırımın qarşısının alınması üçün heç bir real addım atmadılar. Elman Məmmədov dəhşətli qırğına məruz qalmış xocalılıların adından beynəlxalq təşkilatlara üz tutaraq, gec də olsa, onları həqiqətin gözünə dik baxmağa çağıraraq dedi: Bütün beynəlxalq təşkilatlardan, dünyanın böyük dövlətlərindən bizim tələbimiz, xahişimiz ondan ibarətdir ki, haqq-ədalətin tərəfində olsunlar. Ermənilərin, Ermənistanın təcavüzkar olduğu, Azərbaycanın təcavüzə məruz qaldığı deyilsin. Lakin bunu demək də azdır. Təcavüzkar yerində oturdulmalıdır. Torpaqlarımız azad edilməlidir. Möhtərəm Prezidentimiz torpaqlarımızı sülh yolu ilə, danışıqlar vasitəsilə azad etmək istəyir. Ancaq bu proses həddindən çox uzanır və nəhayət, bir gün Azərbaycanın səbri daşacaqdır. Biz torpaqlarımızı azad etmək üçün son imkana, son vasitəyə əl atacaq, silaha sarılıb torpaqlarımızın azadlığı uğrunda müharibəyə qalxacağıq. Mən bu yolda bütün xalqımıza uğur arzulayıram.
Şair Nəriman Həsənzadə, Milli Qəhrəman Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva, Milli Məclisin deputatları Nizami Cəfərov, Abutalıb Səmədov, Mikayıl Mirzə, Fəzail Ağamalı, Zəlimxan Yaqub, Sirus Təbrizli Xocalı soyqırımını mahiyyət etibarilə xalqımıza qarşı bir neçə əsr əvvəl başlamış, get-gedə yüksələn xətt üzrə həyata keçirilmiş erməni təcavüzünün davamı və tərkib hissəsi olduğunu bildirdilər.
Onlar erməni şovinistlərinin məkrli işğalçılıq və ilhaq siyasətinin daim azərbaycanlıların doğma torpaqlarından kütləvi deportasiyası, ölkəmizin tarixi torpaqlarının zəbt edilməsi ilə nəticələndiyini xatırlatdılar. Natiqlər 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə həyata keçirilmiş sistemli deportasiya və genosid siyasətinin 1988-ci ildən özünün ən yüksək nöqtəsinə qalxdığını söylədilər. Eyni zamanda, görkəmli dövlət xadimi Prezident Heydər Əliyevin məqsədyönlü, ardıcıl siyasəti və gördüyü tədbirlər nəticəsində Azərbaycan həqiqətlərinin beynəlxalq birliyə təfərrüfatı ilə çatdırıldığını vurğuladılar.
Çıxış edənlər əminliklə vurğuladılar ki, erməni cəlladları törətdikləri cinayətlərə görə mütləq ədalət məhkəməsi qarşısında cavab verəcəklər.
Axırda mitinq iştirakçıları adından beynəlxalq təşkilatlara müraciət qəbul olundu.