Xorvatiyada Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım konserti keçirilib
Zaqreb, 2 mart, AZƏRTAC
Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən bu ölkənin ən böyük konsert zalı olan “Lisinski”də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş anım mərasimi və konsert təşkil olunub.
İki yüz nəfərədək qonağın qatıldığı tədbirdə Xorvatiyanın yüksək səviyyəli rəsmiləri, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və üzvləri, ictimai-siyasi xadimlər iştirak ediblər.
Azərbaycanın Xorvatiyada səfiri Kamil Xasiyev Xocalı faciəsi barədə geniş məlumat verərək Ermənistan silahlı qüvvələri tərəfindən bu şəhərin dağıdıldığını, dinc əhalinin soyqırımına məruz qaldığını qeyd edib. Səfir Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 mülki vətəndaşın vəhşicəsinə öldürüldüyünü, mindən çox insanın yaralandığını, 1275 nəfərin əsir götürüldüyünü və 197 nəfərin itkin düşdüyünü bildirib. Vurğulayıb ki, xocalılılar sadəcə azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetiriliblər. Səfir diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün səbəblərinin və nəticələrinin ümumi qiymətləndirilməsi bir daha sübut edir ki, Xocalıda törədilənlər etnik təmizləmə siyasətinin tərkib hissəsi olub.
Diplomat bildirib ki, 10-dan çox ölkənin qanunvericilik orqanı, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını pisləyən sənədlər qəbul ediblər.
Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir anım konserti ilə davam edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb