Xurşidbanu Natəvanın uşaqlıq illəri: saray mühiti, təhsil və dünyagörüşünün formalaşması
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 10 iyul, AZƏRTAC
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xeyriyyəçi və Qarabağın məşhur şəxsiyyətlərindən biri olan Xurşidbanu Natəvanın uşaqlıq illəri onun gələcək həyatının və yaradıcılığının formalaşmasında mühüm rol oynayıb. Saray mühitində böyüməsinə baxmayaraq, aldığı təhsil, gördüyü hadisələr və ailə tərbiyəsi onun dünyagörüşünə, bədii zövqünə və insanlara münasibətinə dərin təsir göstərib.
Xurşidbanu Natəvan Qarabağın sonuncu hakimi Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi kimi tanınırdı. Ana tərəfdən Gəncə hakimi Cavad xanın soyuna mənsub idi. Anası Bədircahan bəyim Ziyad xanın nəvəsi Uğurlu bəyin qızı olub.
Xurşidbanu Natəvan 1832-ci il avqustun 15-də Şuşada dünyaya göz açıb. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Ailənin yeganə övladı və Qarabağ xanlığının sonuncu varisi olduğuna görə sarayda ona "Dürrü-yekta" ("Tək inci"), xalq arasında isə "Xan qızı" deyilib.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin “Ön söz”ünü yazıb redaktə etdiyi "Xurşidbanu Natəvan" kitabında şairənin uşaqlıq illəri və həyat yolunun müxtəlif məqamları haqqında maraqlı məlumatlar yer alır. AZƏRTAC həmin məlumatları oxuculara təqdim edir.
Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiləri olub. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu "Quran" ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda olaraq doğma dili ilə bərabər, ərəb və fars dili, onun sərf-nəhvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəyib. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi Şərq şairlərinin nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.
Xala və bibilərinin, qoca xidmətçilərin uzun qış gecələri söylədikləri hekayət və nağıllar, el aşıqlarının mahnı və dastanları balaca Xan qızında xalq yaradıcılığına dərin ehtiram, tükənməz məhəbbət oyadıb.
Natəvanın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Camal, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanuda şeirə, sənətə olan şövq və həvəsi qüvvətləndiriblər.
Xurşidbanu uşaqlıqdan anasından yüksək zövqlə iş görmək, səliqə-sahman öyrənib, atasından isə təsərrüfatçılıq, təşəbbüskarlıq və qayğıkeşlik kimi keyfiyyətlər əxz edib. O, hələ erkən müstəqil düşünməyə, mövcud münasibətlərə, qayda-qanunlara ayıq nəzərlə baxmağa alışıb. İctimai ziddiyyətləri törədən səbəblərin sirrindən baş çıxarmağa çalışıb.
Sarayda yaşasa da, Xurşidbanu öz taleyindən o qədər də razı deyildi. Bir tərəfdən ailədə tək olması onu darıxdırır, digər tərəfdən də ətrafında baş verən haqsızlıqlara laqeyd baxa bilmirdi. Xurşidbanu get-gedə öz hüquqsuzluğunu da dərk etməyə başlayırdı. İnsanları azad, xoşbəxt görmək arzusu Xan qızını düşündürür, onların bədbəxtliyi və fəlakəti fikrən onu narahat edirdi. Xurşidbanunu həyatından narazı edən başqa bir səbəb də ailəsində daima gördüyü ruh düşkünlüyü idi. Çarizmin xanlıq üsuli-idarəsini tamamilə ləğv etmək siyasəti ilə əlaqədar olaraq, Mehdiqulu xana verilmiş hüquqlar və imtiyazlar tədricən məhdudlaşdırılır, Qarabağ xanlığı əvvəlki mövqeyini itirir, ömrünün son dövrünü yaşayırdı. Köhnə qayda-qanunların, vaxtı ilə dəbdə olan ənənələrin ortadan qalxması, xan ailəsinə öz ağır təsirini göstərirdi.
Ardı var......