Yağan intensiv yağışlar nəticəsində bəzi çaylardan qısamüddətli sel keçib
Bakı, 29 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağış nəticəsində Respublikanın bəzi çaylarında sululuq artıb, Ağsuçay və Axoxçay çaylarından qısamüddətli sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-80, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara çaylarında 30-40, Naxçıvan Muxtar Respublikası çaylarında isə 10 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildirilib ki, mayın 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 285 kubmetr təşkil etməklə ongünlük normanın 41 faizinə bərabərdir. 2017-ci ildə isə bu rəqəm saniyədə 407 kubmetr olmaqla ongünlük normanın 59 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 62 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 193 kubmetr olmaqla ongünlük normanın 97 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 163 kubmetr təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 36, Salyanda 6, Araz çayının Novruzlu məntəqəsində 7 santimetr artım qeydə alınıb, lakin Bankə məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 348 (2017-ci il mayın 29-da 373 sm), Şirvanda 185 (2017-ci il mayın 29-da 253 sm), Salyanda 87 (2017-ci il mayın 29-da 177 sm), Bankədə 181 (2017-ci il mayın 29-da 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2017-ci il mayın 29-da 78 sm) təşkil edir.