Yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər keçirilir
Kəngərli, 16 avqust, AZƏRTAC
Muxtar respublika ərazisində yaşayış sahələrində təbii qaz və elektrik enerjisindən istifadə zamanı yаnğın hadisələrinin qarşısının alınması və xüsusilə taxıl sahələrinin biçindən sonra yandırılmaması, həmçinin meşələrdə, meşəətrafı sahələrdə, yeni salınmış mеşə zоlаqlаrındа və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi diqqət mərkəzindədir.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qıvraq qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində keçirilən maarifləndirici tədbir də bu mövzuya həsr olunub.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Rəşad Həsənzadə bu cür maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.
Kəngərli Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Həsənov rayon ərazisində yaşayış sahələrinin həyətyanı ərazilərinə ot-saman tayalarının yerləşdirilməsi zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunması, təbii qaz və elektrik enerjisindən istifadə zamanı görüləcək yanğın təhlükəsizliyi tədbirləri haqqında məlumat verib.
Mövzu ilə bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın nəzarəti və yanğından mühafizə işinin təşkili bölməsinin rəisi, daxili xidmət mayoru Hasil Məmmədovun çıxışı dinlənilib. Sonra Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin müdiri Xaliq Abbasov “Biçindən sonra sahələrin yandırılmasının məhsuldarlığa mənfi təsiri”, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kəngərli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin polis sahə müvəkkili, polis baş leytenantı Zamin Məmmədov “Biçindən sonra sahələrin yandırılmasına görə tətbiq olunan inzibati məsuliyyət növləri” mövzusunda çıxış ediblər.
Sonda iştirakçılara “Taxıl sahələrinin biçindən sonra yandırılmaması, qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydaları” mövzusunda tövsiyə xarakterli yaddaş kitabçaları təqdim olunub.