Yanvarda 60 nəqliyyat vasitəsi özəlləşdirmə hərracına çıxarılacaq
Bakı, 20 dekabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 11-i və 18-i özəlləşdirmə hərracları təşkil ediləcək.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, yanvarın 11-də keçiriləcək hərraca 17 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili və 28 nəqliyyat vasitəsi, yanvarın 18-də təşkil olunacaq hərraca isə 32 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri iqtisadiyyatın müxtəlif sahələrinə aiddir. Həmçinin belə müəssisələr paytaxtla yanaşı, bölgələrimizdə də yerləşir. Digər üstün cəhət isə əksəriyyətinin torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılmasıdır.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3mmNVpB)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Xidmətin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.