YAP BİR QRUP ABŞ KONQRESMENİNƏ ETİRAZ MƏKTUBU GÖNDƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) bu günlərdə ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsində “Qafqaz: dondurulmuş konfliktlər və bağlı sərhədlər” mövzusunda keçirilmiş dinləmələr zamanı tutduğu mövqeyə görə bir qrup konqresmenə etiraz məktubu göndərmişdir.
ABŞ Konqresinin üzvlərindən Novard Berman, Co Kllenberq, Bred Şermon, Adim Şif, Frank Pelloneyə ünvanlanmış məktubda deyilir: “Dinləmələr zamanı ABŞ-la Azərbaycan arasında gündən-günə inkişaf edən strateji tərəfdaşlıq münasibətləri geniş və hərtərəfli şərh edilmiş, bu əlaqələrə yüksək qiymət verilmişdir. Lakin təəssüflər olsun ki, həmin dinləmələr zamanı sizin və bir neçə digər həmkarımızın etdiyi çıxışlar Azərbaycan ictimaiyyəti, eləcə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən etirazla qarşılanıb. Belə ki, çıxışlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə obyektiv qiymət verilməmiş, həqiqətdən kənar fikirlər söylənmişdir. Biz əminik ki, siz və bu səpkidə çıxış edən digər konqresmenlər BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi qətnamələr (822, 853, 874, 884) barədə məlumatlısınız. Bilirsiniz ki, məhz Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunmuş, öz yurdlarından didərgin salınmış 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti münaqişənin sülh yolu ilə həllinə yönələn siyasət yürüdür və 1994-cü ildən əldə edilmiş atəşkəsə riayət edir.
Bu gün Ermənistan heç bir blokada vəziyyətində deyil. Əksinə bu dövlət hazırda davam edən təcavüzkar siyasəti ilə özünü bütün regional layihələrdən kənarda qoymuşdur. Əgər siz hər hansı bir blokada vəziyyətinə etiraz edirsinizsə, bu etirazları ilk növbədə Ermənistana yönəltməniz daha doğru və məntiqli olardı. Çünki məhz erməni təcavüzü nəticəsində Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası blokada vəziyyətinə düşmüş, Azərbaycanla torpaq yolla əlaqələri kəsilmişdir. Hazırda Azərbaycanın Naxçıvanla əlaqələri yalnız hava nəqliyyatı vasitəsilə mümkündür”.
ABŞ konqresmenlərinin bundan sonra münaqişə ilə bağlı müzakirələrdə ədalətli mövqe nümayiş etdirəcəklərinə inam ifadə olunan məktubda daha sonra deyilir: “Ümidvarıq ki, Azərbaycan xalqının, həmçinin iqtidar partiyası olan YAP-ın bu etirazını qəbul edib nəzərə alacaq, gələcəkdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətinizi yenidən və daha obyektiv əsaslar üzərində müəyyənləşdirəcəksiniz”.