YAP GƏNCLƏR BİRLİYİ ŞƏKİDƏBÖLGƏ FORUMU KEÇİRMİŞDİR
YAP Şəki təşkilatından AZƏRTAC- ın müxbirinə bildirmişlər ki, forum öz işinə başlamazdan əvvəl iştirakçılar ulu öndər Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısındakı meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə əklil qoymuş, gül-çiçək düzmüşlər.
Şəhər Telekommunikasiya Qovşağının zalında keçirilən tədbiri giriş sözü ilə YAP Şəki təşkilatının sədri Həsən Həsənov açaraq qonaqları səmimi salamlamış, forumun işinə uğurlar arzulamışdır.
Forumda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, digər natiqlər çıxış edərək son illər respublikamızın ictimai-siyasi və iqtisadi həyatında gənclərin mövqeyinin daha da möhkəmləndiyini, fəallıqlarının artdığını bildirmiş, müstəqil Azərbaycanın hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu qeyd etmişlər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə diqqət və qayğısı xüsusi vurğulanmışdır.
Daha sonra bölgələrin YAP rayon təşkilatları gənclər birlikləri rəhbərlərinin hesabatları dinlənilmişdir.
Geniş fikir mübadiləsi və diskussiya şəraitində keçən forumda tədbir iştirakçılarının təklifləri dinlənilmiş, onları maraqlandıran suallara aydınlıq gətirilmişdir.
Forumda YAP Gənclər Birliyinin bu bölgə üzrə Regional Koordinasiya Mərkəzi də yaradılmışdır. Mərkəz Şəki şəhərində fəaliyyət göstərəcəkdir.