YAP Gənclər Birliyinin region sədrlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin region sədrlərinin iştirakı ilə videokonfrans şəklində müşavirə keçirilib.
YAP Gənclər Birliyindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə Naftalan və Şəki şəhər, Quba, Qusar, Balakən, İsmayıllı, Qax, Qəbələ, Daşkəsən, Zaqatala, Şabran, Xızı, Göyçay rayon təşkilatlarının Gənclər Birliklərinin sədrləri iştirak ediblər.
Müşavirədə çıxış edən Milli Məclisin deputatı Ramin Məmmədov respublikamızda gənclərin hərtərəfli inkişafı üçün geniş imkanların olduğunu vurğulayaraq, ölkəmizin ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının gənclərlə bağlı məsələlərə çox böyük əhəmiyyət verdiyini, ötən altı ayda siyasi, iqtisadi, mədəni və sair yönümlü tədbirlər keçirərək gənclərin hərtərəfli yöndə inkişafına töhfə verdiyini, eyni zamanda, koronavirusa qarşı mübarizə çərçivəsində görülən işlərdə YAP gənclərinin xüsusi fəallığını diqqətə çatdırıb.
Videokonfransda çıxış edən Gənclər Birliklərinin sədrləri hesabat dövründəki fəaliyyətlərini partiya rəhbərliyinin tövsiyə və tapşırıqları istiqamətində quraraq, Prezident İlham Əliyevin siyasi xəttini dəstəklədiklərini, Azərbaycan gəncliyinin hərtərəfli istiqamətdə inkişafı üçün müxtəlif tədbirlər həyata keçirdiklərini, pandemiya ilə əlaqədar görülən işlərdə yaxından iştirak etdiklərini bildiriblər.
Qeyd edək ki, YAP Gənclər Birliyinin sədrləri ilə keçirilən videokonfrans silsilə xarakter daşıyır.