YAP YEVLAX RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Yevlax Rayon Təşkilatının VI konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsi önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər.
Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri İlham Məmmədov ötən konfransdan sonra görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, həmin müddətdə rayon təşkilatı öz işini həm partiyanın proqram və nizamnaməsindən, həm də onun III qurultayının qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurmuşdur. Partiya təşkilatı rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, problemlərin aradan qaldırılması sahəsində xeyli iş görmüş, ümummilli lider Heydər Əliyevin ideyalarının və Prezident İlham Əliyevin quruculuq siyasətinin həyata keçirilməsində yaxından iştirak etmişdir. Hesabat dövründə təşkilatın üzvlərinin sayı 5.387 nəfərdən 5.811 nəfərə çatmışdır. Onlardan 3.079 nəfəri qadın, 1.483 nəfəri gəncdir.
Məruzədə Prezident İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YAP Yevlax rayon təşkilatının inzibati binasının açılışında iştirakı əlamətdar hadisə kimi qiymətləndirilmişdir.
İ.Məmmədov bildirmişdir ki, rayon təşkilatı ölkəmizin daha da çiçəklənməsi və xalqımızın rifahı naminə partiyanın bütün göstərişlərinə əməl edəcək, bu yolda öz mübarizliyini daha da artıracaqdır.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər natiqlər partiyanın keçdiyi şərəfli yoldan, görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmışlar. Bildirmişlər ki, yevlaxlılar ümummilli lider Heydər Əliyev ideyalarına həmişə sadiqdirlər və qarşıdan gələn prezident seçkilərində ulu öndərin layiqli davamçısı, respublikamızı sosial-iqtisadi inkişafa aparan dövlət başçısı İlham Əliyevə səs verəcəklər.
Yeni Azərbaycan Partiyasının IV qurultayına 8 nümayəndə seçilmişdir.
Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.