YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ BANKININ TƏKLİFLƏRİ AZƏRBAYCAN HÖKUMƏTİNƏ TƏQDİM EDİLMİŞDİR
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Azərbaycan ilə uzunmüddətli əməkdaşlıq etmək, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının inkişafına yardım göstərmək niyyətində olduğunu bildirmişdir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, həmin bankın “Hokkaido İntellekt Tank” Korporasiyasının nümayəndələri Quba, İsmayıllı, Şəki və Şamaxı rayonlarında olmuş, müvafiq aqrar elm mərkəzlərinin köməyi ilə kənd təsərrüfatında məhsuldarlığı artırmaq, keyfiyyəti yüksəltmək, marketinq sistemini və mal dövriyyəsi şəbəkəsini yaratmaqla bağlı məsələləri öyrənmişlər.
Təkliflər Quba rayonu fermer-bağbanlarının gəlirlərinin artırılması, İsmayıllı və Şamaxı rayonlarında şərabçılığın dirçəldilməsi və Şəki rayonunda kənd təsərrüfatı məhsulları istehsalının yeni proqramının işlənib hazırlanması məsələlərini əhatə edir. Müvafiq tədbirlərin görülməsi adları çəkilən rayonlarda fermer təsərrüfatlarının yeni texnologiya ilə inkişaf etdirilməsinə, rentabelliyin artırılmasına, rəqabətə davamlı məhsul istehsalına, onların saxlanılmasına, daşınmasına, emal edilməsinə, habelə, aqrar sektorda çalışanların kreditlə təmin olunmasına zəmin yaradacaqdır.
Bu təkliflər torpaq-iqlim göstəriciləri Azərbaycanın bəzi regionları ilə oxşar olan Yaponiyanın Xokkaydo bölgəsində aqrar sektorda toplanmış təcrübədən yararlanmaq məqsədi daşıyır.