Yaponiya Beynəlxalq Ticarət Təşkilatından mübahisələrin tənzimlənməsi sisteminin yaxşılaşdırılmasını xahiş edib
Tokio, 23 may, AZƏRTAC
Yaponiyanın Xarici İşlər naziri Taro Kono Beynəlxalq Ticarət Təşkilatından (BTT) mübahisələrin tənzimlənməsi sisteminin yaxşılaşdırılmasını xahiş edib.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, nazir bu addımı Təşkilatın Cənubi Koreya tərəfindən yapon dəniz məhsullarının ixracına qoyulan məhdudiyyətlərlə əlaqədar Yaponiyanın şikayətinin əleyhinə qərar verdikdən sonra atıb.
Ötən ilin fevralında BTT komitəsi Cənubi Koreya tərəfindən Yaponiyanın bir neçə prefekturasından, o cümlədən Fukuşimadan ixrac edilən dəniz məhsullarına tətbiq edilən qadağının BTT razılaşmasını pozduğunu bildirib. Həmin qadağa 2011-ci ildə “Fukuşima-1” AES-də baş verən qəzadan sonra tətbiq edilib. Bununla yanaşı, cari ilin aprelində BTT-nin apellyasiya orqanı Yaponiyanın təqdim etdiyi dəlilləri rədd edərək, komitədə müzakirələr üçün bunun kifayətedici olmadığını bəyan edib.
T.Kononun BTT-nin baş direktoru Roberto Azevedo ilə mayın 22-də Parisdə görüşü zamanı yapon nazir bildirib ki, apellyasiya orqanı həmin məhdudiyyətlərin BTT razılaşmasını pozması ilə bağlı əsas məsələ barədə qərar qəbul etməyib.
Nazir, həmçinin təəssüf etdiyini bildirib ki, BTT-nin mübahisələrin tənzimlənməsi sistemi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib və bu, həmin orqanın nüfuzuna xələl gətirir.
R.Azevedo isə öz növbəsində, deyib ki, o, bu məsələnin Yaponiya üçün əhəmiyyətini başa düşür. Baş direktor əlavə olaraq bildirib ki, BTT öz üzvlərini mübahisələrin tənzimlənməsi sisteminin islahatlarını müzakirə etməyə çağıracaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio