Yaponiya hökumətinin dəstəyi ilə Oğuz rayonunda daha bir layihə reallaşmışdır
Oğuz, 24 iyun (AZƏRTAC, Mustafa Dadaşov). İyunun 24-də Oğuz rayonunun Bucaq kəndində Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardımı proqramı çərçivəsində reallaşdırılan “Tibb məntəqəsinin tikintisi” layihəsinin başa çatması münasibətilə mərasim keçirilmişdir.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, rayon rəhbərliyi və kənd sakinləri iştirak etmişlər.
AZƏRTAC xəbər verir ki, mərasimdə qeyd olunmuşdur ki, Yaponiyanın ölkəmizdəki səfirliyi ilə Oğuz Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq 10 ildən artıqdır davam etdirilir. Qrant yardımı proqramı çərçivəsində indiyədək Oğuzda bu layihə də daxil olmaqla, 3 layihə reallaşmışdır. Su təchizatı və səhiyyə sahələrini əhatə edən bu layihələrin ümumi dəyəri 269 min 148 ABŞ dollarıdır.
Bildirilmişdir ki, icrası yeni başa çatan bu layihə üzrə Yaponiyanın ölkəmizdəki səfirliyi ilə “Yaddaş” İctimai Birliyi arasında cari il fevralın 6-da qrant müqaviləsi imzalanmışdır. Layihənin məqsədi Bucaq və qonşu kəndlərin sakinlərinə göstərilən tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Ümumi dəyəri 121 min 121 ABŞ dolları olan layihədən bu ərazidə yaşayan üç min beş yüz nəfərə yaxın sakin faydalanacaqdır.
Səfir Tsuquo Takahaşi Oğuz rayonuna ikinci dəfə gəldiyini, rayonun təbiətinin onu valeh etdiyini bildirmişdir. Səfirlik ilə rayon icra hakimiyyəti arasında yaranan əməkdaşlıqdan məmnun qaldığını bildirən səfir T.Takahaşi bu münasibətlərin gələcəkdə də davam etdiriləcəyinə əminliyini söyləmişdir. Diqqətə çatdırılmışdır ki, qrant yardımı proqramı çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 15,3 milyon ABŞ dolları olan 183 layihə reallaşmışdır. Tibb, təhsil, ətraf mühit və digər sahələri əhatə edən bu layihələr əhalinin yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq məqsədi daşıyır.
Tibb məntəqəsinin açılışını bildirən rəmzi lent kəsildikdən sonra mərasim iştirakçıları məntəqədə yaradılmış şəraitlə tanış olmuşlar. Müasir standartlara uyğun inşa edilən birmərtəbəli binada stomatoloji kabinet, qadın məsləhətxanası, həkim və peyvənd otaqları yerləşir.