Yaponiyada koronavirusa qarşı dərman sınaqlarının müddəti uzadılıb
Tokio, 9 iyun, AZƏRTAC
Yaponiyada koronavirusa yoluxanların müalicəsində böyük ümidlərin bəslənildiyi “Avigan” dərmanının sınaqlarının müddəti istehsalçı şirkət kifayət qədər məlumat əldə edə bilmədiyi üçün uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi istehsalçı “Fujifilm Holdings Corp.” şirkətinə istinadla məlumat yayıb.
Qeyd edək ki, həmin dərman altı il əvvəl qripin müalicəsi məqsədilə yaradılıb. Lakin sonradan heyvanlar üzərində aparılan sınaqlar zamanı onun dölün inkişafına mənfi təsiri aşkarlanıb. Nəticədə həmin dərmanın hamilə qadınlara verilməsi qadağan edilib və o, yalnız hökumət tərəfindən xüsusi hallarda istifadəsinə icazə verilən dərmanlar siyahısına daxil edilib. Bununla yanaşı, Çin həkimləri koronavirus yoluxmasından yaranan sətəlcəm zamanı bu dərmanın səmərəli olduğunu aşkar ediblər.
Yaponiyada martdan başlayaraq koronavirusa yoluxan 80 xəstə üzərində həmin dərmanın sınaqlarına başlanılıb. Hazırda ölkədə iki milyonadək insanın müalicəsi üçün bu dərmandan istifadə olunduğu da bildirilir.
“Fujifilm Holdings Corp.” şirkəti ilkin olaraq sınaqları mayda tamamlamağı planlaşdırsa da sonradan bu tarix iyunadək uzadılıb. Lakin buna baxmayaraq yeni yoluxanların sayı azaldığına görə şirkət sınaqlar üçün lazım olan 96 nəfəri cəlb edə bilməyib.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada 17 min 935 koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 15 min 802 nəfəri sağalıb, 932 nəfər isə həyatını itirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio