Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan haqqında növbəti veriliş yayımlanıb
Tokio, 29 dekabr, AZƏRTAC
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında 2020-ci ili böyük uğurlarla başa vuran Azərbaycan haqqında növbəti veriliş yayımlanıb.
AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Kazuyasu İşida yapon tamaşaçılara Azərbaycan, onun coğrafi mövqeyi, ümummilli lider Heydər Əliyev, Vətən müharibəsi, ölkəmizin sosial-iqtisadi uğurları barədə ətraflı məlumat verib. Qeyd edib ki, 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal altında saxlanılan torpaqların cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad edilməsi Azərbaycanın böyük uğurudur. Bu Qələbənin əldə edilməsində Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, Azərbaycan Silahlı Qüvvələrinin əzmkarlığı, xalqın nümayiş etdirdiyi birlik və həmrəylik mühüm rol oynayıb.
Fəaliyyəti ilə bağlı dünyanın 50-dən çox ölkəsinə səfər etdiyini xatırladan K.İşida bu ölkələr arasında tarixi qədimliyi, zəngin mədəniyyəti, ləziz mətbəxi, insanların səmimi münasibəti ilə Azərbaycanın onun üçün birinci yerdə olduğunu vurğulayıb. Qeyd edib ki, bu ölkəyə olan sonsuz məhəbbəti onu buraya çoxsaylı səfərə, müxtəlif sərgilər təşkil etməyə sövq edib. 2017-ci ilin oktyabrında təşkil edilən sərgini xatırladan K.İşida burada nümayiş etdirilən yapon məhsullarına bakılıların böyük marağını da qeyd edib.
Sərgidən sonra nümayiş etdirilən qida məhsullarının böyük bir hissəsinin sağlamlıq imkanlarından məhdud 3 saylı internat məktəbinin şagirdlərinə çatdırılması məqsədilə keçirilən görüşü xatırladan aparıcı həmin tədbirin onda doğurduğu xoş hissləri də tamaşaçılara çatdırıb. Bildirib ki, həmin uşaqların nümayiş etdirdiyi bacarıq və vərdişlər onlarda Azərbaycanın gələcəyi barədə böyük ümidlər yaradıb.
Tamaşaçıların Azərbaycan haqqında canlı yayımda və çat vasitəsilə verdiyi çoxsaylı suallar K.İşida tərəfindən cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio