Yaponiyanın Şika şəhərinin meri Xətai Rayon İcra Hakimiyyətində olub
Bakı, 25 noyabr, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyətində Azərbaycanda səfərdə olan Yaponiyanın Şika şəhərinin meri Masaru Koizuminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə rayon icra hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Yaponiyanın Şika şəhərinin meri Masaru Koizumi, Şika Şəhəri Parlamentinin sədri Masanori Minami, diplomat Taiçi Ono və digər yaponiyalı qonaqlar iştirak ediblər.
Rafiq Quluyev nitqində bildirib ki, yaponları yenidən Azərbaycanda, eyni zamanda, Xətai rayonunda görmək çox sevindirici haldır. Bildirilib ki, Azərbaycan və Yaponiya arasında dost münasibətlər mövcuddur. 2018-ci ildən Şika şəhəri ilə Xətai rayonu arasında dostluq münasibətləri var. Rayonun Heydər Parkının ərazisində "Yapon bağı" salınıb, 2018-ci ildə Şika şəhəri ilə Xətai rayonu arasında dostluq protokolu imzalanıb.
Görüş çərçivəsində R.Quluyev qonaqlara ölkəmizin Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən, bu 30 ildə erməni vandalları tərəfindən işğal olunan rayonlarımızın, şəhərlərimizin viran qoyulması və azad olunan ərazilərdə hazırda davam edən yenidənqurma, bərpa prosesləri haqqında söhbət açıb. Müxtəlif ölkələrin kütləvi-informasiya vasitələrinin azad edilmiş ərazilərə səfərləri zamanı yaydıqları video və fotomateriallar əsasında bütün dünya Ermənistanın 30 ilə yaxın bir müddətdə işğal altında saxladığı yaşayış məntəqələrimizi yalnız divarlardan ibarət dağıntılara çevirdiyini gördü. Lakin artıq bütün dünya bu torpaqlarda başlanmış nəhəng bərpa işlərini müşahidə edir. Qarabağın bərpası üçün uzun illər lazım gəlsə belə, Azərbaycan dövləti və xalqımız cansız torpaqlara çevrilmiş bu ərazilərə həyatı qaytarmaqda israrlıdır və buna qadirdir.
Şika şəhərinin meri Masaru Koizumi və digər qonaqlar çıxışlarda ölkəmizin bütün sahələrdə inkişafını müşahidə etdiklərini bildiriblər. Xətai rayonu və Şika şəhərinin əlaqələrinin Yaponiya və Azərbaycan dostluğuna böyük bir töhfə olacağını qeyd ediblər.
Sonda qarşılıqlı olaraq hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkdirilib.