Yaponiyanın Tokyo Boeki şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində olmuşlar
Bakı, 12 noyabr (AZƏRTAC). Yaponiyanın Tokyo Boeki şirkətinin prezidenti Kazuei Uçida, satış və marketinq şöbəsinin direktoru Keiji Takigava, şirkətin Ukrayna ofisinin idarəedici direktoru Aleksey Şpak və mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində (BDU) olmuşlar.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar BDU-nun Nanoaraşdırmalar laboratoriyasında Tokyo Boeki şirkətindən alınmış cihazlarla tanış olmuşlar.
BDU-nun professoru M.Ramazanov cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi ilə aparılan tədqiqatlar barədə məlumat vermişdir.
Sonra Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qonaqlarla görüşmüşdür. Görüşdə BDU-da elektron mikroskopunda işləmək üçün treninq mərkəzi yaratmaq haqqında danışıqlar aparılmışdır. Gələcəkdə nanotexnologiyanın müxtəlif sahələrində, materialşünaslıq, nanotibb, nanotoksiqologiya və neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətlərində əməkdaşlıq barədə razılıq əldə edilmişdir. Qeyd edilən istiqamətlərdə treninqlər aparmaq üçün Yaponiyanın nüfuzlu şirkətlərindən, universitetlərindən mütəxəssislərin və professorların dəvət olunması barədə müzakirələr aparılmışdır.
Eyni zamanda, BDU-nun savadlı və bacarıqlı tələbələrinin elmə maraqlarının artırılması məqsədi ilə Tokyo Boeki şirkətinin xüsusi təqaüdünün verilməsi barədə razılıq əldə olunmuşdur. Bakı Dövlət Universitetində təbiət elmləri istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının elektron nümayişi üçün xüsusi sahənin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi də aparılmışdır.