YARDIMLIDA ÖTƏN İLİN YEKUNLARI VƏ CARİ İLDƏ QARŞIDA DURAN VƏZİFƏLƏR MÜZAKİRƏ EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yardımlı Rayon İcra Hakimiyyətinin 2007-ci ilin yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Tədbir iştirakçıları qəsəbədəki Heydər Əliyev parkında ümummilli liderimizin büstünün önünə gül dəstələri düzərək ulu öndərin xatirəsini ehtiramla yad etmiş, mədəniyyət evinin foyesində rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının sərgisi ilə tanış olmuşlar.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov yığıncaqda hesabat məruzəsi ilə çıxış etmişdir.
Keçən il rayonun sosial-iqtisadi inkişafı sahəsində bir sıra uğurların qazanıldığını diqqətə çatdıran X.Aslanov bildirmişdir ki, son 4 il ərzində rayonda ümumi məhsul istehsalı 2,2 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 6,3 dəfə, özəl sektorda istehsal olunan məhsulun həcmi 2006-cı illə müqayisədə 25 faiz artmışdır.
Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq qəsəbədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 16 mənzilli yaşayış binasının, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi, rayon tarix-diyarşünaslıq muzeyi, 72 saylı Yardımlı-Masallı seçki dairəsi dairə seçki komissiyası üçün yeni binaların, Astanlı kəndində 150 şagird yerlik orta məktəb binasının, Dəryavar kəndində 40 şagird yerlik əlavə sinif otaqlarının tikilib istifadəyə verildiyini, Viləş çayı istiqamətində yeni mədəniyyət və istirahət parkının salındığını, Şilavangə kənd orta, Mamulğan kənd əsas, Avur və Solqard kənd ibtidai məktəblərində əsaslı təmir işlərinin aparıldığını, qəsəbənin mərkəzindəki Şəhidlər xiyabanının əsaslı surətdə yenidən qurulduğunu, rayon mərkəzi stadionunda əsaslı təmir-tikinti işlərinin başa çatdırıldığını, əhalinin sosial müdafiə mərkəzi üçün yeni binanın tikintisinə başlanıldığını diqqətə çatdıran məruzəçi, son üç ildə rayonda tikilən 42 məktəbdən 9-nun Heydər Əliyev Fondunun həyata keçirdiyi «Yeniləşən Azərbaycana yeni məktəb» proqramı çərçivəsində inşa olunduğunu vurğulamışdır.
Yığıncaqda çıxış edənlər 2007-ci ildə qazanılmış nailiyyətlərlə yanaşı, işdə yol verilmiş nöqsanları da ətraflı təhlil etmiş, mövcud problemlərlə bağlı təkliflərini bildirmiş, yardımlıların bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişlər.
Hesabat yığıncağında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çıxış edərək, 2007-ci ildə və son 4 il ərzində ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin vaxtından bir il əvvəl yerinə yetirilməsini Prezident İlham Əliyevin doğru, düzgün və məqsədyönlü fəaliyyətinin ürəkaçan nəticəsi olduğunu xüsusi vurğulamışdır.
Hesabat yığıncağında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.
Yığıncaqda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.
Prezidentin İcra Aparatının məsul əməkdaşı Mikayıl Hüseynov yığıncaqda iştirak etmişdir.