“YAŞA VƏ QOY BAŞQALARI DA YAŞASIN”
“Həyat Recensi-Naxçıvan” mehmanxanasında bu günə həsr olunmuş “İÇV QİÇS əleyhinə vətəndaş cəmiyyətinin tədbirləri” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə beynəlxalq və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak etmişlər.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti qeyd etmişdir ki, İÇV/QİÇS epidemiyası 25 ilə yaxındır davam edir və cəmiyyətin sosial-iqtisadi əsaslarına dağıdıcı təsirinə görə misli yoxdur. BMT-nin İÇV/QİÇS üzrə Birləşdirici proqramında müəyyən edildiyinə görə, epidemiya başlanandan dünyada 70 milyona qədər insan İÇV ilə yoluxmuşdur ki, onların da üçdə bir hissəsi QİÇS-dən ölmüşdür. Beynəlxalq təcrübə göstərir ki, İÇV-yə yeni yoluxma hallarının qarşısının alınması yolunda əsas maneə bu xəstəliklə bağlı ayrı-seçkilikdir.
BMT-nin İnkişaf Proqramının İÇV/QİÇS layihəsi üzrə əlaqələndiricisi Lyudmila Məmmədovanın dediyi kimi, 2003-cü ildə dünyada hər gün 14 min nəfər bu xəstəliyə yoluxur. Azərbaycanda İÇV-infeksiyaya nəzarət 1987-ci ildən həyata keçirilir və bu müddət ərzində 587 İÇV ilə yoluxma halı aşkar olunmuşdur. Virus daşıyıcılarının 22-si xarici vətəndaşdır.
2003-cü il noyabrın axırı üçün Azərbaycanda İÇV daşıyıcılarının və QİÇS xəstələrinin sayı 518 nəfər olmuşdur ki, onların da 47-si ölmüşdür. İÇV ilə yoluxanların 76,8 faizi kişi, 20 faizi qadın, 3,2 faizi isə naməlum şəxslərdir.