Yaşadıqları binanın ikinci mərtəbəsindən yıxılan 9 aylıq körpənin həyatı xilas edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Yaşadıqları binanın ikinci mərtəbəsindən yıxılan, 20 gün koma vəziyyətində olan 9 aylıq körpənin həyatı xilas edilib.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan Kliniki Tibbi Mərkəzin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, mərkəzə gətirilərkən olduqca ağır və huşsuz vəziyyətdə olan körpənin beyin ocaqlarında ciddi dəyişiklik olduğu, ağır kəllə-beyin travması aldığı müəyyən edilib.
Mərkəzin Reanimasiya şöbəsinin müdiri Ülviyyə Qurbanovanın sözlərinə görə, körpə 20 gün süni tənəffüs aparatında qalıb və yalnız bu şəkildə müvafiq müaəlicələrinin aparılması mümkün olub. Hazırda körpənin nevropatoloq müayinəsi davam etdirilir.
Körpənin anası Güllü Mirzəyevanın dediklərinə görə, övladının həyatda qalması bir möcüzədir.
“Binamızın 2-ci mərtəbəsindən qızım aşağı yıxıldı. Körpəni dərhal özəl xəstəxanalardan birinə apardıq. Bizi qəbul etmədilər. Daha sonra onu Kliniki Tibbi Mərkəzə çatdırdıq. Bir aydan çoxdur ki, biz sanki bu xəstəxananın həyətində yaşayırdıq. Buradakı həkimlərə çox minnətdaram”.
Qeyd edək ki, körpənin bütün müalicə xərcləri icbari tibbi sığorta ilə qarşılanıb. Artıq vəziyyəti müəyyən qədər yaxşılaşan körpənin nevroloji sahə üzrə də müalicəsinin tamamlanması məqsədilə ötən gün Uşaq Nevroloji Xəstəxanasına köçürülməsinə qərar verilib.