CƏMİYYƏT
Yasamalda Azərbaycan Gəncləri Günü münasibətilə rayon toplantısı keçirilib
Bakı, 1 fevral, AZƏRTAC
Bakının Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə rayon gənclərinin yekun toplantısı keçirilib.
AZƏRTAC Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) saytına istinadla xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Milli Məclisin deputatı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, fəal gənclər çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan gənclərinə yüksək diqqət və qayğısından, ölkəmizdə ilk gənclər forumunun keçirilməsindən, Azərbaycan Gəncləri Gününün təsis edilməsinin tarixindən danışıblar. Çıxışlarda qeyd olunub ki, bu diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində gənclərlə bağlı mühüm dövlət proqramları və strategiyaları qəbul olunub, Gənclər evləri və mərkəzləri yaradılıb. Bütün bunlar gənclərin cəmiyyətin aparıcı qüvvələrindən birinə çevrilməsi ilə nəticələnib.
Çıxışlardan sonra müxtəlif sahələrdə fərqlənən bir qrup gənc mükafatlandırılıb.
Tədbir iştirakçıları sonda rayon gənclərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.