“Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılmışdır
Bakı, 30 oktyabr (AZƏRTAC). Oktyabrın 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Nəsimi Rayon İcra Hakimiyyəti ilə birlikdə “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində növbəti tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nəsimi Rayon Ağbirçəklər Şurasının üzvləri və rayonun təlim-tərbiyə müəssisələrində təhsil alan gənclər iştirak etmişlər.
Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva bildirmişdir ki, dövlət tərəfindən uğurla həyata keçirilən ailə siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını və gələcək nəsillərə çatdırılmasını təmin edir. Son illərdə əhalinin həyat səviyyəsini, iqtisadi imkanlarını yüksəltmək məqsədilə bir sıra dövlət sənədləri və fəaliyyət proqramları qəbul edilmişdir. Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən müxtəlif meyarlar üzrə bir sıra müavinətlər, ünvanlı sosial yardımlar təyin olunmuşdur.
Z.Quliyeva bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulamışdır. Bildirmişdir ki, Mehriban xanım Əliyevanın dəstək verdiyi bütün layihələr xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ailə dəyərlərinin də geniş təbliğinə zəmin yaradır.
Dövlət ailə siyasətindən danışan AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirmişdir ki, komitə tərəfindən gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmaları, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yaşlılara hörmət, kiçiklərə qayğı kimi ənənələrin davam etdirilməsi məqsədilə maarifləndirici tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq “Yaşlı nəslin təcrübəsindən faydalanaq” mövzusu üzrə genişmiqyaslı layihəyə başlanılmışdır. Layihənin respublikanın bütün şəhər və rayonlarında keçirilməsi nəzərdə tutulmuşdur. Layihə çərçivəsində ilk tədbir Beynəlxalq Ahıllar Günündə qeyd olunmuşdur.
Tədbirdə milli-mənəvi dəyərlərin, ailə mədəniyyətinin, nəsillərarası münasibətlərin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılmışdır.