Yaxın 10 ildə İsveç səhiyyə sistemində əlavə 225 min işçi tələb olunacaqdır
Stokholm, 23 aprel (AZƏRTAC). AZƏRTAC bu günlərdə İsveçdə dərc edilmiş uzunmüddətli proqnoz məlumatlarına istinadla xəbər verir ki, yaxın 10 ildə İsveç səhiyyə sistemində xəstə və ahıl şəxslərə qulluq olunmasını təmin etmək üçün əlavə 225 min işçi tələb olunacaqdır.
Proqnoza əsasən, ahıl şəxslərə qulluq edilməsi sistemində kiçik tibb bacılarına daha çox ehtiyac olacaqdır, çünki hazırda bu sahədə çalışan əməkdaşların 25 faizdən çoxunun yaşı 65-ə yaxınlaşır, yəni onlar tezliklə pensiyaya gedəcəklər.
Xatırladaq ki, hazırda İsveçin səhiyyə sistemində və ahıl şəxslərə qulluq sahəsində təqribən yarım milyon adam işləyir. Onların çoxunun pensiyaya çıxması ilə əlaqədar yeni işçilər cəlb etmək zəruri olacaqdır. Üstəlik, yeni işçilər indiki işçilərlə müqayisədə daha çox sayda ahıl şəxslərə qulluq etməli olacaqlar. Nəzərdə tutulmuşdur ki, 2023-cü ilə qədər təqribən 225.000 yeni işçi cəlb etmək lazımdır. Məsələn, 129.000 kiçik tibb bacısı və ya sanitar işçi, 38.000 tibb bacısı və 12.000 həkim cəlb edilməsi tələb olunur.
Ekspertlərin çoxu vəziyyətdən çıxış yolunu bu əməkdaşların pensiyaya çıxma yaşını artırmaqda (hazırda İsveçdə pensiyaya 65 yaşında çıxırlar) görür. Həmkarlar ittifaqları isə bu işçilərin məvacibinin artırılmasını tələb edirlər. Onların fikrincə, bu yolla səhiyyə sistemində işləməyə və ahıl şəxslərə qulluq edilməsinə daha çox insan cəlb etmək olar.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm