“Yay məktəbi”ndə növbəti STEAM dərsləri keçirilib
Şahbuz, 12 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təlimçiləri tərəfindən tələbələr üçün təşkil edilən “Yay məktəbi”ndə növbəti STEAM dərsləri keçilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay məktəbi”ndə iştirak edən 60 tələbəyə STEAM üzrə təlimçilər tərəfindən 3D modelləşdirmə, 3D çap, müxtəlif növ printerlərdə çap qaydaları, mühəndislik dizayn həlləri və digər bu kimi mövzularda praktik biliklər verilib.
Təhsil Nazirliyinin STEAM üzrə təlimçi-müəllimi Fuad Babayev ilk olaraq “Tinkercad” proqramının ön pəncərəsi haqqında məlumat verib, ilkin həndəsi fiqurlarla modellərin hazırlanması qaydası, hazırlanmış modellərin 3D printerlərə yönləndirilib çap edilməsi tələbələrə izah olunub.
Sonda tələbələr “Tinkercad” proqramı vasitəsilə hazırladıqları ilkin modellərini 3D printerlərdə çap ediblər.
Qeyd edək ki, “Yay məktəbi” Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası və Yeni Azərbaycan Partiyasının Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyinin təşkilatçılığı ilə keçirilir.