Yazıçı Əlibala Məhərrəmzadənin kitabları qubalı oxuculara təqdim olunub
Quba, 11 avqust, Elxan Yusifli, AZƏRTAC
“Azərkitab” Kitab Təbliğatı Mərkəzi və Qubadakı “Ay işığı” ədəbi məclisinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Əlibala Məhərrəmzadənin yaradıcılıq gecəsi və imza günü təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Çovdar çörəyi” və “Ev tapşırığı. Uğur düsturunu tapmalı” kitabları ilə oxucuların rəğbətini qazanmış Əlibala Məhərrəmzadə qubalı kitabsevərlərə 10-a yaxın kitabını təqdim edib.
“Azərkitab”ın Quba filialında keçirilən yaradıcılıq gecəsi yazıçının 45 illik yubileyinə həsr olunub.
Tədbirdə “Ay işığı” ədəbi məclisinin sədri, şair Ramiz Qusarçaylı, “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin layihə rəhbəri Sabir Həsənov çıxışlarında ədəbi mühitdən və əslən Qubadan olan Əlibala Məhərrəmzadənin yaradıcılığının məziyyətlərindən söz açıblar.
İmza günündə tarix elmləri doktoru, professor Şahin Fazil, Bakı Dövlət Universitetinin prorektoru, biologiya elmləri doktoru Məcnun Babayev, tanınmış yazıçı, beynəlxalq ədəbiyyat festivalları laureatı Varis Yolçuyev, Quba Mərkəzi Kitabxanasının direktoru Saməddin Nəsirov və digər ziyalılar çıxış edərək ürək sözlərini söyləyib, yubilyarı təbrik ediblər.
Yazıçı Əlibala Məhərrəmzadə gələcək yaradıcılıq planlarından danışıb, tədbirə qatılan hər kəsə minnətdarlığını bildirərək, onlara imzalı kitablarını hədiyyə edib.