YAZIÇILAR BİRLİYİNDƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
Birliyin sədri, xalq yazıçısı Anar yeni vəzifəyə təyin olunması münasibətilə Əbülfəs Qarayevi təbrik etmiş, yeni vəzifədə fəaliyyətində ona uğurlar arzulamışdır. Yazıçılarla görüşə gəldiyinə, onların problemləri ilə maraqlandığına görə nazirə təşəkkürünü bildirən Anar Birliyin srukturu və fəaliyyəti barədə məlumat vermişdir.
Ə.Qarayev Yazıçılar Birliyində görüşdən məmnun olduğunu söyləmişdir. Vurğulamışdır ki, Mədəniyyət və Turizm Nazirliyi dövlətimizin mədəniyyət siyasətini həyata keçirən bir qurum kimi mədəniyyətimizin tərəqqisində və yeni düşüncəli gənclərin yetişməsində, azərbaycançılıq ideyalarının təbliğində, heç şübhəsiz, mühüm rolu olan Yazıçılar Birliyi ilə ayrılıqda uğurlu fəaliyyət göstərə bilməz. Biz nə qədər qarşılıqlı əməkdaşlıq şəraitində çalışsaq, bir-birimizlə sıx əlaqədə olsaq, dövlətimizin mədəniyyət siyasətinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə bir o qədər sanballı töhfə verə bilərik.
Nazir bu həftə ərzində yaradıcı təşkilatlarda keçirdiyi görüşlər barədə də məlumat vermişdir. Bildirmişdir ki, bütün bu görüşlərdən məqsəd mövcud problemlərimizin aradan qaldırılmasında birgə çalışmaqla, mədəniyyətimizi, ədəbiyyatımızı, incəsənətimizi, musiqimizi inkişaf etdirməyə səy göstərməkdir.
Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri, xalq şairi Qabil, Gənclər Şurasının sədri, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, şair-tərcüməçi Səlim Babullaoğlu və başqaları Azərbaycan yazıçılarının uğurlarından, mövcud problemlərindən söz açmışlar.