Yəmənli jurnalist: Azərbaycan intibah dövrünü yaşayır
Qahirə, 4 iyul, AZƏRTAC
Müxtəlif sahələrdə böyük nailiyyətlər əldə edən və beynəlxalq nüfuzu artan Azərbaycan bu gün sözün əsl mənasında intibah dövrünü yaşayır. Qədim tarixə malik olan Azərbaycan xalqı müasir zamanla da ayaqlaşaraq iqtisadi, mədəni, sosial və təhsil sahələrində yeni uğurlar qazanır, digər ölkələrə örnək olur.
AZƏRTAC xəbər verir ki, bu fikirlər yəmənli jurnalist Əbdülhəmid Əl-Kəbinin “Əl Hərir” informasiya portalına yazdığı “Azərbaycanlıların həyat dərsləri” sərlövhəli məqaləsində yer alıb. Müəllif yazır: “Müasir Azərbaycanın intibah dövrünü yaşamasının əsas amili insanların öz işinə məsuliyyətlə yanaşması, yüksək nizam-intizam, həmçinin gələcəyə olan böyük inamıdır. Azərbaycanlıların intellekt səviyyəsi çox yüksəkdir və bu ölkədə elmin, təhsilin inkişafına dövlət qayğısı var. Qədim zamanlardan elm, ədəbiyyat, musiqi və digər sahələrdə Şərq sivilizasiyasına görkəmli şəxsiyyətlər bəxş etmiş Azərbaycan xalqı bu ənənəni indi də davam etdirir. Müasir dövrün tələblərinə uyğun olaraq, azərbaycanlılar texnologiya və kosmos sahələrində də uğurlar qazanırlar. Əsası dahi siyasətçi Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun nəticəsində ciddi islahatlar aparılıb və hazırda onlar davam etdirilir”.
Yəmənli jurnalist yazır ki, Azərbaycanda xalq ilə hakimiyyət arasında mövcud olan yüksək etimad qazanılmış uğurların rəhnidir. Eyni zamanda, ölkədə yaşayan müxtəlif etnik qruplar, dinlər arasında dözümlülük və dialoq cəmiyyət həyatında unikal bir ahəng yaradıb. Dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar öz ölkəsinin tərəqqisi naminə çalışırlar.