“Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib
Naxçıvan, 17 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində muxtar respublikanın tanınmış ictimaiyyət nümayəndələrinin, ali təhsil ocağının müəllim və tələbələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı sədrinin müavini, Ali Məclisin deputatı Anar İbrahimov partiyanın yaranma tarixindən, onun uğurlu fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm gün kimi daxil olan 1992-ci ilin 21 noyabr tarixi ölkəmizin ictimai-siyasi həyatında yeni başlanğıc nöqtəsi sayılır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni Azərbaycan Partiyasının 30 illik inkişaf tarixi göstərdi ki, partiyanın siyasi tərəfdaşları müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar. Partiya ötən müddətdə ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində dərin böhran içində olan Azərbaycan parçalanma, dağılma təhlükəsi ilə üzləşmişdi. Məhz bu zaman yeni yaranan partiyanın rəhbəri seçilən Ulu Öndər xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtdı, ölkəni anarxiyadan sabitliyə, iqtisadi böhrandan tərəqqiyə doğru apardı. Yeni Azərbaycan Partiyasının ideyaları ətrafında birləşən xalqımız ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalıb, böyük əzm və qətiyyət göstərərək Vətənimizi işıqlı gələcəyə aparıb.
“Yeni Azərbaycan Partiyası: Naxçıvandan başlanan qalibiyyət yolu” mövzusunda çıxış edən Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Hacıfəxrəddin Səfərli vurğulayıb ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ilə dövlətçilik tariximizdə yeni mərhələnin - böyük quruculuq, inkişaf və tərəqqi dövrünün əsası qoyulub, müdrik dövlət xadiminin yaratdığı iqtisadi, elmi və milli potensial sonradan müstəqilliyimizin möhkəm təməlinə çevrilib. Ümummilli Liderimiz Sovetlər Birliyi dövründə Azərbaycanı müstəqilliyə hazırlamışdırsa, 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə isə Yeni Azərbaycan Partiyasını təsis etməklə müstəqilliyimizi və dövlətçiliyimizi qoruyub, Azərbaycan xalqının gələcək tarixi taleyində mühüm siyasi addımlar atıb. Azərbaycanda sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənib, quruculuq işlərinin həcmi artıb, əhalinin rifahı yüksəlib. Dahi şəxsiyyətin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edərək Milli Qurtuluşa qovuşdurub, Prezident tərəfindən isə bu yol davam etdirilərək inkişaf və tərəqqiyə, sabitliyə və yüksək rifaha nail olunub, torpaqlarımız işğaldan azad edilib.
Konfransda Naxçıvan Dövlət Universiteti İqtisadiyyat kafedrasının müdiri, dosent Ceyhun Mahmudov “Yeni Azərbaycan Partiyası - 30: Xalqa xidmət nümunəsi” mövzusunda, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, dosent Çapay Quliyev “Tarixi zərurətin ən dolğun və alternativsiz siyasi təşkilatı” mövzusunda, “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin dekanı Tural Məmmədzadə isə “Qələbələr Partiyası Azərbaycanı yeni tarixi nailiyyətlərə aparır” mövzusunda çıxış ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul edilmiş Naxçıvan Dövlət Universitetinin tələbələrinə üzvlük vəsiqələri verilib.
Tədbir Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin hazırladığı konsert proqramı ilə başa çatıb.